Bu il martın 17-də Türkiyənin İstanbul şəhərində keçirilən 16-cı Filmmor Beynəlxalq Qadın Filmləri Festivalında düşmən Ermənistanın yeni bir təxribatının qarşısı alınıb.
Unikal.org trend-ə stinadən bildirir ki, belə ki, sözügedən tarixdə İstanbul Fransız Mərkəzində nümayişi nəzərdə tutulan və düşmən ölkənin istehsalı olan "Yeva" adlı filmin nümayişinə qadağa qoyulub.
Qeyd edilməlidir ki, İstanbul Baş Konsulluğumuzun apardığı araşdırmalardan məlum olub ki, sözügedən film ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlib və separatizmi dəstəkləyir.
Türkiyədəki Baş Konsulluğumuz tərəfindən İstanbul Valiliyinə təqdim olunan faktlar əsasında şəhər Valiliyi və Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən İstanbul Fransız Mərkəzinə müraciət olunub və yazılı qadağa əmri təqdim edilib.
Bildirilib ki, bu film nəinki adıçəkilən festivalda, ümumiyyətlə Türkiyə Respublikasında nümayiş oluna bilməz. Səbəb isə həmin filmin reallığı əks etdirməməsi, həmin filmdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təhdid altına alınması və separatizmin dəstəklənməsidir.
Məsələ ilə bağlı artıq Türkiyə mətbuatında geniş məlumatlar dərc olunub. Belə ki, qardaş ölkənin aparıcı media strukturları, internet portalları və qəzetlər, eləcə də digər internet resurslarında erməni təxribatının qarşısının alınması, Azərbaycanın işğal altında olan torpaqlarına, ərazi bütövlüyünə hörmətsizliyin nümayiş etdirildiyi filmin nümayiş olunmayacağı ilə bağlı informasiyalar yer alıb.