Novruz bayramından sonra bazarlarda bəzi kənd təsərrüfatı məhsullarının qıtlığı yaranıb və qiymətlər kəskin artıb.
Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, "8-ci kilometr bazarıında xiyar-pomidorun da qiymətində kəskin bahalaşma müşahidə edilir. Bayramdan öncə 3-4 manata təklif olunan məhsullar bu gün 5-7 manata satılır.
Hazırda xiyarın 1 kq-ı 8-12, bayramdan öncə 70 qəpiyə olan alma 1.50-2 manata qalxıb.
Satıcılar bahalaşmanın səbəblərini belə izah etdilər: "Bayramdan sonra bazara demək olar ki, topdan mal gətirilmir. Bu səbəbdən də kimin əlində nə məhsul qalıbsa, bazara çıxarıblar. Qıtlıq yarandığından qiymətlər də bahalaşıb. Alverçilərin başı bayrama qarışıb, istirahətə çəkiliblər. Gördüyünüz kimi, piştaxtaların çoxu boşdur. Bu səbəbdən də xiyar, pomidor, göyərti məhsulları kəskin bahalaşıb. Hazırda bazarda bu məhsullara tələbat həddindən artıq çoxdur. Güman edirik ki, bazarda qıtlıq hələ iki gün də davam edəcək. Artıq Bakı bazarlarında məhsul qıtlığı yarandığını eşidən alverçilər rayonlarda mal yığırlar. Sabah, ya da biri gün həmin məhsullar bazara gətiriləcək və qiymətlər stabilləşəcək.
Bazarda cəmi iki yerdə göyərti satışı həyata keçirildiyindən piştaxtaların başına onlarla alıcı toplanıb və aralarında mübahisələr yaşanır. Əvvəllər 10 dəstəsi 1 manata təklif olunan göyərtinin indi bir bağlaması 20 qəpiyə təklif edilir. Tərxunun bir dəstəsi 80 qəpik -1 manata təklif edilir.
Qiymətlərin bu qədər fantastik bahalaşması bazara gələn müştəriləri də təccübləndirir. Alıcı Rəfiqə Məmmədova bazardakı bahalaşmadan gileyləndi: "Novruz bayramı öncəsi bahalaşmanı başa düşdük, bəs indiki qiymət artımı nə deməkdir? İndi vəziyyət əksinədir. Novruzdan sonra qoz-fındıq ucuzlaşıb, meyvə-tərəvəz bahalaşıb. Bir saatdır ki, bazardayam, hələ qiymətlərlə maraqlanıram. Sanki bütün satıcılar sözləşib, məhsullara standart qiymət qoyublar. 8 manata xiyar, 7 manata pomidor olar? Həmişə 70-80 qəpiyə aldığımız almalar 1.50-2 manat olub. Hansı satıcıya bunun səbəbini soruşuramsa cavab verir ki, topdan baha satıldığını deyirik.
Kartof, soğan, kök, kələm, turp və digər bu kimi tərəvəzlərin qiyməti sabit qalıb.
Qeyd edək ki, Novruz bayramı artıq geridə qaldığından qoz-fındıq, quru meyvələr və digər bayramlıq məhsullar ucuzlaşıb. Satıcılar bayram ərəfəsində aldıqları malları satıb bitirə bilmədiyindən qiymətlərə endirim ediblər.