"Azərbaycanın hazırkı dövründə milli varlığına ən böyük təhlükə mövqesizlik, laqeyidlik və biganəlikdir.
Unikal.org xəbər verir ki, bunu İTV-də prezidentliyə namizədlərin növbəti teledebatında millət vəkili Zahid Oruc bildirib.
Prezidentliyə namizəd bir ildən artıqdır ki, Avropadan Azərbaycana qarşı terror təhdidləri, siyasi qətillərin həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıqlar, yaxud da müqəddəs yerlərin dağıdılması ilə bağlı çağırışlar edildiyini deyib: "Bunlar özlərini 12-ci Qızıl Ordunun əsgərləri kimi aparırlar. Amma mütləq əksəriyyəti susur. Ona görə də, mən tribunadan istifadə edib yüz minlərlə Heydər Əliyevi sevənlərə müraciət edirəm. Onlar hər zaman dövlətçiliyin yanında olublar. Çağırış edib bildirirəm ki, kimsə onların ideallarını ləkələmək istəyirsə qoy buna kəskinliklə cavab versinlər.
Z.Oruc debatda Xarici İşlər Naziri Elmar Məmmədyarova da çağırış edib: "Ulu Öndər Azərbaycan od-alov içində yananda təsadüfi deyil ki, heç kimi köməyə çağırmırdı. Amma deyirdi ki, mövqeyinizi göstərin. Mən hesab edirəm ki, bunun əhəmiyyətini indi başa düşməkdəyik. Mən bu tribunadan Xarici İşlər Naziri Elmar Məmmədyarova çağırış etmək istəyirəm. Onsuz da on illərdir ki, apardığın danışıqlar haqqında bir dəfə də xalqa, nə də ki, Milli Məclisə hesabat verməmisən. Olmazdımı bir dəfə Avropa ölkələrinin Azərbaycandakı səfirlərini yığıb onlara ölkəmizin daxili işlərinə qarışmamalarını, ölkələrinin Azərbaycanla təhdid dilində danışmalarının, qorxulu çağırışların yolverilməz olduğunu bildirəydiniz, mövqeyinizi ortaya qoyaydınız? Səfirlərə demək mümkün deyilmi Avropada ayrı-ayrı qüvvələri İŞİD-çi qiyafəsində hazırlayıb bizim əleyhimizə himayə eləməkdə məqsədiniz nədir? Axı gördüyünüz kimi onlar dövlətə, Allaha, mənəviyyata, hər şeyə təhlükə törətdiklərini ortaya qoyurlar. Məgər bu bəs deyilmi ki, siz onlarla bu məsələ ətrafında öz mövqeyinizi, fikirlərinizi bildirəsiz?