Ötən həftə xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri cəbhə bölgəsindəki rayon və kəndlərdə oldular.
Unikal.org musavat.com-a istinadən bildirir ki, Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən səfərdə məqsəd hazırda xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş 80-dən çox nümayəndəsini cəbhəyanı ərazilərdəki vəziyyətlə tanış etmək idi.
2 aprel tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdikləri təxribatlar, xüsusən də Tərtər, Ağdam istiqamətində yaşayış məntəqələrini hədəfə alması və bunun nəticəsində də şəxsi və dövlət mülkiyyətinə dəymiş zərər haqqında beynəlxalq ictimaiyyətin, xüsusilə də Azərbaycanda akkreditasiya olunmuş xarici diplomatların məlumatlandırılması məqsədilə təşkil olunan səfərdə diplomatlar bu erməni vəhşilikləri ilə bir daha tanış oldular. Onların bəziləri elə cəbhə xəttindəcə öz mövqelərini ifadə etdilər. Gördüklərini təmsil etdikləri ölkələrə çatdıracaqlarını bildirdilər.
Erməni silahlı qüvvələrinin atəşə tutduğu cəbhəyanı ərazilərə səfər edənlər arasında Rusiyanın, Avstriyanın, İtaliyanın, Niderlandın və Türkiyənin Azərbaycandakı səfirləri var idi. Rusiya səfiri Vladimir Doroxinin şəxsən səfərdə iştirakı xüsusilə diqqəti cəlb etdi. Diqqəti cəlb edən və eyni zamanda sual yaradan başqa bir məqam ATƏT-in Minsk Qrupunun həmsədri olan digər iki ölkənin-ABŞ və Fransanın səfirlərinin cəbhə xəttinə səfər edənlər sırasında yer almaması oldu.
Siyasi təhlilçilərin fikrincə, cəbhə bölgəsindəki vəziyyətlə yerindəcə tanış olmaq üçün ilk növbədə Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş Rusiya, ABŞ və Fransanın səfirləri həmin bölgəyə getməli idilər. Ancaq qeyd etdiyimiz kimi, üçlükdən təkcə Rusiyanın səfiri cəbhə xəttindəki rayonlara səfər etdi. ABŞ və Fransanın səfirliklərinin səfirdən aşağı vəzifə tutan şəxsləri Xarici İşlər Nazirliyinin təşkil etdiyi sözügedən səfərdə iştirak edirdilər.
Xarici İşlər Nazirliyindən əldə etdiyimiz məlumata görə, nazirlik ABŞ və Fransa səfirliyinə dəvətlərdə səfirlərin iştirakını nəzərdə tutub. Lakin səfər günü bəlli olub ki, adıçəkilən ölkələrin səfirləri yox, səfirliyin təmsilçiləri cəbhə bölgəsinə səfərdə iştirak edəcəklər.
Bu arada, dünən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Qarabağ probleminin həlli ilə bağlı açıqlama verib. Səfir qeyd edib ki, ölkəsi beynəlxalq hüquq normaları əsasında və bu regionda yaşayan insanların maraqlarında münaqişənin ədalətli həllinin tərəfdarıdır.
Səfirin sözlərinə görə, Rusiyanın bu məsələdəki mövqeyi dəfələrlə səsləndirilib: "Onu həm XİN rəhbəri, həm də prezidentin mətbuat katibi bildirib".