Dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan unikal.org-a verilən məlumata görə, 2016-ci ilin iyul ayında Xızı Rayon Polis Şöbəsinə müraciət edən Yaşma sakini Azad Cəlilov qeyd edib ki, İlqar adlı şəxs ona yalan vəd verərək 2015-ci ilin iyul ayında ona məxsuz Siyəzən rayonu ərazisində yerləşən daş karxanasından ümumi dəyəri 33189.00 manat olan tikinti materialını əvəzsiz olaraq alaraq pulunu mənimsəyib.
Xızı Rayon Polis Şöbəsi tərəfindən barəsində axtarış edilən Bakı şəhər sakini İlqar Məmmədov Quba RPŞ əməkdaşları tərəfindən 01 aprel tarixində rayon ərazisində saxlanılaraq istintaqa təqdim edilib.
Ətrafında keçirilmiş tədbirlərlə məlum olub ki, İ.Məmmədov zərərçəkmiş A.Cəlilovdan dələduzluq yolu ilə əldə etdiyi çınqıl materialını qabaqcadan külli miqdarda borclu olduğu Bakı şəhər sakini Azər Əhmədova hər tonu 9 (doqquz) manatdan sataraq borcunu ödəyib.
Qeyd edilən faktla bağlı Xızı Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.