Bakıda fotostudiyadan 35 min manatlıq avadanlıq oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Nərimanov rayonunda yerləşən paytaxt sakini Cavid Səfərova məxsus fotostudiyadan oğurluq edilib.
Belə ki, obyektin qapısını sındıran naməlum şəxslər oradan ümumi dəyəri 35000 manat olan avadanlığı oğurlayıblar. Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının "isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Qasımov, Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Maşallah Qurbanov və Astara rayon sakini Ceyhun Əlizadə saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, obyektə dəstə üzvü C.Əlizadə və E.Qasımov daxil olub. Hadisə zamanı M.Qurbanov isə fotostudiyadan bir qədər kənarda dayanaraq gəlib-gedən barədə digər dəstə üzvlərinə məlumat verməli imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şöbədə toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.