"Azərbaycan neftinin dünya bazarında öz yerini tutması üçün onun düzgün brendləşdirilməsi vacibdir.
Unikal.org-un məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, məhz bu səbəbdən prezident İlham Əliyev Azərbaycan neftinin müstəqil brend kimi dünya bazarına çıxarılmasını qarşımızda məqsəd qoyub: "Neft məhsullarının istehlakçılara satışını birbaşa və əlverişli şərtlərlə təmin etmək, bu sahədən gəlirləri optimallaşdırmaq və satış fəaliyyətini mərkəzləşdirmək məqsədi ilə 2007-ci ildə İsveçrədə təsis etdiyimiz "SOCAR Trading şirkəti qısa bir müddətdə dünyada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya, Çin, Kanada, Vyetnamdakı bölmə və nümayəndəlikləri vasitəsi ilə yeni bazarlarda möhkəmlənib.
SOCAR prezidenti bildirib ki, ilk mərhələdə "SOCAR Trading yüksək keyfiyyətli "Azerilayt neftini yüngül neft brendi kimi dünya bazarlarında tanıdıb, bununla Azərbaycana təkcə 2008-2013-cü illər arasında 1,8 mlrd. dollara qədər əlavə gəlir qazandırıb: "Bu gün "SOCAR Trading şirkəti sadəcə Azərbaycan neftini deyil, artıq daha çox üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirir. Törəmə şirkətimiz son 3 il ərzində üçüncü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmini 4 dəfədən çox artıraraq 21 mln. tondan 86 mln. tona çatdırıb. Ötən il əməliyyatların həcmini 2 dəfədən çox artıran "SOCAR Trading 108 mln. ton neft və neft məhsulları satmağa müvəffəq olub.