Respublikanın daxili işlər orqanları tərəfindən 4 kiloqramdan çox narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə unikal.org-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, əldə edilmiş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Cabbarovdan çəkisi 1 kiloqramdan artıq heroin götürülüb.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Rusiya Federasiyasının vətəndaşı Bəhruz Cəfərovdan şəxsi axtarış zamanı 4,3 qram tiryək və 0,7 qram heroin aşkar edilib. Tədbirlərin davamı olaraq onun Şahağacı kəndində yaşadığı evindən isə əlavə olaraq 3 kiloqram 90 qram tiryək aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı B.Cəfərov və arvadı Rühəngizin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə axtarışda olmaları da müəyyən edilib.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı araşdırmalar aparılır.