Mövzudan bir qədər kənara çıxaraq bunu əlavə edək ki, böyük arif, Mirzə Cavad Məliki Təbrizi üç aləmin mövcudluğu və xüsusiyyətləri barədə "əl-Seyr iləllah" ("Risaleyi-liqaullah") kitabında yazırdı:
"İnsanın (vücudunun) üç aləmi vardır: hiss və şəhadət aləmi, yaxud təbiət aləmi; xəyal və misal aləmi; əql və həqiqət aləmi.
...İnsan yalnız öz təbiət aləmini tam kəşf edə (anlaya) bilər, öz misal aləmindən yalnız bəzi nişanələr, öz əqli aləmindən isə lap az şeylər ona məlumdur. Dərd burasındadır ki, misal aləminin təsirləri və əqli aləmin işartıları bir-birinə qarışır və insan öz təbiət aləmini tanımaqda da səhvə yol verir.
Hər bir halda, insanın insanlığı onun əqli aləminə bağlıdır. Digər iki aləm sarıdan o, digər canlılarla müştərəkdir. Hərçənd ki, insanın o iki aləmi də mərtəbə baxımından digər canlıların iki aləmindən daha şərəflidir...
Unikal.org islam.az-a istinadən bildirir ki, insanın hiss (təbiət) aləmi bədəndən ibarətdir, o da maddədən və surətdən (obrazdan) təşkil olunub. Onun misal aləminin mahiyyəti maddəsiz obrazdan ibarətdir. Onun əqli aləmi isə onun maddəsiz və obrazsız mahiyyətini, nəfsini əhatə edən aləmdən ibarətdir..."
Əllamə Təbatəbainin qeydlərinə qayıdaq:
...İnsan nəfsi mücərrəd (abstrakt, formasız və ölçüsüz) varlıq olduğu üçün həm misal aləmi, həm də əql aləmi ilə ünsiyyət qura bilir. O, yuxuya gedəndə hissləri fəaliyyətdən düşür, ətraf mühitlə əlaqəsi kəsilir, misal və əql aləmlərinə doğru yönəlir. Nəticədə, nəfs öz istedadına (tutumuna) və imkanına uyğun şəkildə həmin iki aləmin həqiqətlərindən bir hissəsini müşahidə edir.
Əgər nəfs kamilliyə yetibsə və abstrakt həqiqətləri dərk etmək gücünə yiyələnibsə, onları dərk edir, varlıq aləminin səbəbləri olduğu kimi, yəni külli və nurani formada onun qarşısında açılır. Əgər yetərincə kamilliyi yoxdursa, həmin səbəbləri külli və nurani formada deyil, xəyali hekayələr, tanıdığı cüzi və maddi obrazlar şəklində dərk edir. Necə ki, biz ayıq halda sürət kimi külli (ümumi) məfhumu tez hərəkət edən cism şəklində təsəvvür edirik. Əzəməti dağ kimi, ucalığı səma kimi, hiyləgər insanı tülkü kimi, qəddar adamı canavar kimi, şücaətli insanı aslan kimi qavrayırıq. Bunun kimi digər külli anlayışları da tanıyıb-bildiyimiz obrazlara çevirir və təcəssüm etdiririk.
Kamil nəfs abstrakt aləmdə baş verən hadisələri və onların səbəblərini azacıq da olsa müdaxilə və dəyişikliksiz müşahidə edə bilir və qavrayır. Buna sağlam və sadiq (doğrucul) nəfs qadirdir.
Bəzən nəfs həmin aləmdə gördüklərini tanıdığı obrazların şəklinə salır. Məsələn, gələcəkdə baş verəcək izdivacı əyninə paltar geyinmək şəklində qavrayır. Elm onun üçün nur, cəhalət zülmət, yalqızlıq və guşənişinlik ölüm şəklində təcəssüm edir. Hətta bəzən məfhumu əksinə də dərk edə bilər. Necə ki, ayıqlıqda bəzən sərvət deyərkən onun əksi olan kasıblıq, atəş haqqında düşünərkən onun ziddi olan soyuq və buz, həyatdan danışarkən ölüm təsəvvürümüzə gəlir.
Məsələn, deyirlər ki, bir adam yuxuda əlindəki möhürlə camaatın ağzını və övrət yerini möhürlədiyini görmüşdü. Bu yuxunun yozumunu İbn Sirindən soruşanda dedi ki, sən tezliklə məsciddə müəzzin (azan verən) kimi işə başlayacaqsan və Ramazan ayında camaat sənin səsinlə imsak edəcək. (Oruclu adama sübh azanı verilən andan yemək və cinsi əlaqəyə girmək qadağandır).
Dediklərimizə nəticə vuraraq, deyə bilərik ki, yuxuları növlərə ayırmaq üçün ilk bölgü budur:
Birincisi, doğru olan qəti yuxular, yəni o yuxular ki, onu görən şəxs heç bir yolla dəyişdirmir və asanlıqla yoza bilir.
İkincisi, qəti olmayan yuxular. Bu yuxunu görən şəxs onu nəql edərkən dəyişdirir, onu ya obraz şəklinə salır, ya oxşar, ya da hətta zidd mənaya çevirir. Bu cür yuxular yozulmağa möhtacdır, gərək bir mütəxəssis yuxu görənin nəql etdiyi mənaları yuxuda müşahidə edilən əslinə qaytarsın. Məsələn, yuxuda görülən tac məfhumunu iftixar, ölümü həyat, zülməti cəhalət, heyrəti bədbəxtlik kimi yozsun.
İkinci bölgüyə görə də yuxular iki növə bölünür. Birincisi, o yuxu ki, onu görən adamın nəfsi bircə dəfə dəyişiklik edir, müşahidə etdiyi həqiqi mənanı uyğun və ya zidd surətə çevirib nəql edir. Bu yuxunu yozmaq mümkündür.
İkincisi, elə yuxulardır ki, onu görən adamın nəfsi bir dəyişikliklə kifayətlənmir. Gördüyü əsl mənanı onun ziddinə çevirir, sonra həmin ziddi obraza salır, daha sonra o obrazın ziddinə keçir, onu da obrazlaşdırır. Bu dəyişiklik dayanmadan davam edir. Elə bir hala gəlir ki, o yuxunu yozmaq qeyri-mümkün olur. Bu cür yuxulara pozuq (qarışıq) yuxular deyirlər. Bunları yozmaq ya çox çətin, ya da mümkünsüz olur.
Beləliklə, yuxuların üç əsas növü vardır:
Birincisi, yozuma ehtiyacı olmayan qəti yuxular.
İkincisi, yozulması çətin və ya eyri-mümkün olan qarışıq yuxular.
Üçüncüsü, nəfs tərəfindən nəql edilərkən obrazlaşdırılan yuxular. Bu cür yxular yozula bilir.