Nizami rayon sakinlərinin qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması, onların təklif və rəylərinin dinlənilməsi məqsədilə icra başçısı Arif Qasımov tərəfindən sakinlərin mütəmadi səyyar qəbulları keçirilir və müvafiq tədbirlər görülür.
Unikal.org xəbər verir ki, bu gün Q.Qarayev 105, 107, 109, 115, 119 və 121 saylı ünvanlarda yaşayan sakinlərin səyyar qəbulu keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Sakinlər yaşadıqları ərazidə abadlıq işlərin aparılması, liftlərin, istilik sistemlərinin, eyvanların, binaların dam örtüklərinin, giriş qapılarının təmir edilməsi, məhəllələrdəki ağacların suvarılması üçün su kranlarının qoyulması, məhəllədaxili yolların asfaltlanması və digər sosial problemlərlə bağlı icra başçısına müraciət ediblər.
Qəbulda sakinlər tərəfindən edilən müraciətlər dinlənilərək onlara müvafiq izahatlar verilib, qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.