Tanınmış kinorejissor Rüstəm İbrahimbəyov uzun fasilədən sonra mətbuata açıqlama verib.
Unikal.org xəbər verir ki, o, Modern.az-a bəzi məsələlərlə bağlı danışıb. Bir vaxtlar siyasi meydana qatılsa da, indi siyasətdən tamam uzaq olduğunu bildirib:
"Hazırda teatr səhnəsi üçün tamaşalar yazıram. Yaradıcı işlərimdən zövq aldığımı deyə bilərəm. Artıq siyasətdə də yoxam. 2013-cü ildə siyasətə qatılmağım bir təsadüf idi. Həmin ildə siyasətə qatılmağımla bağlı təəssüfedici məqamlar da var. Mənim siyasətə qatılmağım müxalifəti birləşdirmək missiyası daşıyırdı. Təəssüf ki, müxalifət heç zaman birləşə bilmədi. Amma 2013-cü ildə siyasətə qatılmaqla Cəmil Həsənli kimi dəyərli bir insanı tanıdım Bu gün də əlaqələrimiz var.
Kinorejissor ziyalı kəsimlə də bağlı fikirlərini bölüşüb:
"Azərbaycanda ziyalı kəslər kifayət qədərdir. Ziyalılıq isə ziyalı təbəqə kimi sıradan çıxıb. Ona görə də Azərbaycan ziyalılarına müraciət edərək deyirəm ki, aktiv olsunlar! İctimai siyasətə yox, ictimai həyata açıq olsunlar.
Rüstəm İbrahimbəyov mərhum qardaşı Maqsud İbrahimbəyovun bu yaxınlarda olmuş Yaradıcılıq Mərkəzinin açılışından da söz açıb.
"Qardaşım Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzinin açılış mərasiminin keçirilməsinə çox şad oldum. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da açılışda iştirak etmişdi. Ümumiyyətlə, onların hər birinə təşəkkür edirəm ki, Maqsudla mənim baba ocağımı diqqətdən kənar qoymadılar. Bu, həm də Maqsudun dünya şöhrətli yazıçı olmasından irəli gəlir ki, dünyasını dəyişsə də, onunla bağlı xatirələr unudulmadı. Bundan sonra həmin binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi fəaliyyət göstərəcək.
Kinorejissor Bakı üçün darıxdığını da dilə gətirib:
"Vətənim üçün çox darıxıram. Yalnız bir dəfə Bakıya gəlmək qismət oldu. O da qardaşım dünyasını dəyişəndə... Sadəcə, indi vətənim üçün darıxsam da, gəlməyə o qədər də marağım yoxdur.
Qeyd edək ki, tanınmış kinorejissor 2013-cü ilin prezident seçkiləri öncəsi aktiv siyasətə qoşulsa da, sonradan geri çəkildi