"Azərbaycan Dəmir Yolları QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.
Unikal.org xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, martın 18-dən başlayaraq "Şimal-Cənub layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli yarım-yararlı materiallarla əsaslı təmiri aparılır. Təmir işlərini icra edən "Dəmiryolservis MMC tərəfindən artıq Şirvan çeşidləmə-Şirvan mənzilinin tək yolunda və Şirvan baş stansiyasının tək yolunda 4.1 km uzunluğunda yollar əsaslı təmir edilib. Hazırda Qaragünə-Şirvan çeşidləmə mənzilində 6,7 kilometrlik yolun əsaslı təmiri həyata keçirilir.
Bu mənzildə son əsaslı təmir işləri 1968-ci ildə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq, bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb. Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hal-hazırda görülən işlərin böyük əhəmiyyəti var.