Elçibəyin zəhərləndiyi təsdiqlənir
13:03 24-08-2012
İQTİSADİYYAT
Elçibəyin zəhərləndiyi təsdiqlənir
Eks Prezidentin məktubları gizli məqamlara aydınlıq gətirəcək
Eks-prezident Əbülfəz Elçibəylə bağlı məsələ get-gedə ciddiləşir. Bir müddət öncə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bəyan etdi ki, Əbülfəz Elçibəy zəhərlənib və bu işdə bilavasitə AXCP sədri, o zamansa Əbülfəz Elçibəyin müavini olan Əli Kərimlinin iştirakı var. Bunu da qeyd edək ki, həmin illərdə Əli Kərimli AXC-də sədr müavini olsada həm də "Yurd" təşkilatının sədri olaraq fəaliyyət göstərirdi və buna görə AXC rəhbərliyi arasında gizli bir savaş gedirdi. Bunun nəticəsi olaraq da AXCP bir neçə yerə parçalandı.
Başqa bir maraqlı məqam isə bundan ibarətdir ki, AXCP-də böyük nüfuz sahibi olan Mirmahmud Fəttayev indiyə qədər Əli Kərimlini Əbülfəz Elçibəyə xəyanətdə ittiham edir. Hazırda isə məsələ kifayət qədər mürəkkəbləşib. Respublika prokurorluğunda cinayət işi başlayıb və gedişatdan aydın olur ki, proses uzun müddət davam edəcək. Çünki çox qısa zaman ərzində yeni maraqlı məqamlar ortaya çıxdı. İlk mövbədə Elçibəyin yaxın dostu olan Adil Minbaşı sensasion açıqlama ilə çıxış etdi və bildirdi ki, Əbülfəz Elçibəyin zəhərlənməsi faktı düzdür:-" Elçibəy xəstələnməmişdən 2 ay qabaq Türkiyədə yüksək səviyyədə tibbi müayinədən keçmişdir. Həkimlər onda heç bir xəstəlik aşkar etməmişdirlər. Əgər o, xəstə olsaydı, onu klinikadan buraxmazdılar, müalicə edərdilər. O, mənə demişdi ki, mən müayinədən keçmişəm heç bir xəstəliyim yoxdur, amma məni zəhərləyiblər. Onu kim zəhərlədiyini isə deməmişdir. Çünki, söhbətimizin sonuna başqa adamlar da gəldi və söhbətimiz yarımçıq qaldı. Bu söhbətdən sonra isə o müalicəyə getdi. Ondan sonra heç bir söhbətimiz olmayıb". Gördüyünüz kimi artıq ortada maraqlı bir fakt var. Fakt isə budur ki, ölümündən iki ay öncə xəstəxanaya gedən Əbülfəz Elçibəydə heç nə olmayıb. Belə olan halda iki ay ərzində xərçəng yarana bilərmi və bu qədər sürətlə inkişaf edərmi? Tibb mütəxəssisləri bildirir ki, iki ay ərzində belə xəstəlik yarana bilər. Amma bu qədər sürətlə proses gedə bilməz. Çünki xəstəliyin yetişməsi ən azından bir ilə qədər vaxt istəyir. Başqa maraqlı bir fakt isə Prezident Admnistrasiyasında şöbə müdiri olan Əli Həsənovdan gəldi. Əli Həsənovda açıq şəkildə bəzi müxalif liderlərini ittiham etdi:-" İsa Qəmbər Elçibəyin hakimiyyətində ikinci şəxs idi. Amma Elçibəyin ətrafında olanlardan partiya yaradan ilk şəxs də elə İsa Qəmbər oldu. O, Xalq Cəbhəsinin partiyaya çevrilməsinin qarşısını alaraq özünün Müsavat Partiyasını yaratdı və Elçibəy hakimiyyətinin daxilində yeni bir hakimiyyət rıçaqı yaratdı. Sonrakı dövrdə də onun və digər silahdaşlarının Elçibəyə qarşı atdığı addımlar Elçibəyin könlünün sınmasında, sonrakı taleyinin müəyyən olunmasında mühüm rol oynayıb. Amma təəssüf ki, mənfi formada. Bütün bunları hakimiyyət deyil, məhz İsa Qəmbər və Elçibəyin digər silahdaşları edib". Əli Həsənovun açıqlamasından buda aydın oldu ki, istintaq işində hansısa güzəşt olmayacaq və məsələ daha ciddi hal alacaq. O,bildirib ki, prokurorluq bu cinayət işini başlamaya bilməzdi. Çünki haqqında söhbət gedən adam Azərbaycanın adi bir vətəndaşı deyil. Əbülfəz Elçibəy qanunla status almış keçmiş prezidentdir. Ona görə də onun həyatı ilə bağlı bütün məsələlər araşdırılmalıdır. Necə olur ki, Türkiyədə mərhum prezident Turqut Özalın zəhərləndirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılır, bununla bağlı iş başlanır, araşdırma aparılır? Azərbaycanda niyə olmasın? Bu baxımdan Əbülfəz Elçibəy statuslu keçmiş prezidentdir və onun həyatı, xəstəliyi ilə bağlı səsləndirilmiş, ictimai rezonans doğurmuş, geniş müzakirələrə səbəb olan istənilən hadisə, fikir prokurorluqda araşdırılmalı, bunun real, yoxsa qeyri-real olması müəyyənləşdirilməli, Azərbaycan ictimaiyyətinə bu haqda məlumat verilməlidir. Bu, ictimai əhəmiyyət kəsb edən, cəmiyyətdə rezonansa səbəb olan hadisədir və prokurorluq mütləq bunu araşdırmalıdır.
Cinayət işinin Elçibəyin ölümündən 12 il sonra açılmasına gəlincə, biz hüquqi dövlətdə yaşayırıq. Əgər Elçibəyin ölümü, zəhərləndirilməsi ilə bağlı irəli sürülən iddianı araşdırmaq üçün cinayət işi açılmasaydı, o zaman indi bundan narazı qalan insanlar yenə bizim üzərimizə gələcəkdilər və deyəcəkdilər ki, baxın hakimiyyət məsələni siyasiləşdirir, Elçibəyin qatilinin tapılmasının qarşısını almağa çalışır. Biz cinayət işi açmasaydıq da bunlar belə bir kampaniya aparacaqdılar. Məsələni tam araşdırmaq üçün cinayət işi açmışıq, yenə də bizə qarşı kampaniya aparırlar. Ona görə kampaniya aparırlar ki, bu gün Elçibəyin həyatı, ölümü ilə bağlı müəmmalı məsələlərin araşdırılması onun keçmiş silahdaşlarına qətiyyən sərf etmir. Ehtiyat edirlər ki, birdən nəyinsə üstü açılar, real bir nəticə əldə edilər, müəmmalı bir şey ortaya çıxar.
Biz hüquqi dövlət qurmuşuq. Bu dövlətdə hər bir vətəndaşın müraciəti, xüsusən də keçmişdə prezident olmuş bir şəxslə bağlı müraciət araşdırılmalıdır. Bu, hüquqi dövlətin tələbidir. Biz bunu araşdırmasaq, həmin şəxs gedib başqa instansiyalara, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. Biz hansı dövrdə yaşayırıq? Keçmişdə nazir olmuş, indi siyasi partiya sədri olan bir insanın müraciətinə necə baxmaya, araşdırmaya, onu qulaqardına vura bilərik? Onda bizə nə deyərlər?
Əli Həsənov bunu da qeyd edib ki, Əbülfəz Elçibəyin zəhərlənib,zəhərlənməməsi ilə bağlı nə isə demək fikrində deyil:-" Mənim istənilən açıqlamam siyasi mülahizə olacaq və məsələyə siyasi rəng verəcək. Ona görə də zəhərlənməyə inanıb-inanmamağım, bunun mümkün olub-olmamasının istər lehinə, istər də əleyhinə hər hansı açıqlamam yoxdur. Elçibəyin xəstə olduğu dövrdə onun yanında olmuş, onunla söhbət etmiş insanlar var. Onlar müxtəlif açıqlamalar veriblər. Real fakt odur ki, ortada bu məsələ ilə bağlı müraciət edən insan var. O, ciddi insandır. Bu gün ondan narazı olan şəxslərin hakimiyyəti dövründə nazir işləyib, sonra siyasi partiya yaradıb, proseslərdə həmin şəxslərin tərəfdaşı olub. Düzdür, bəlli bir dövrdə hakimiyyətin də tərəfdaşı olmuş bir insandır. Müraciəti araşdırmamaq məsələyə siyasi yanaşma olardı". Ekspertlər isə hesab edir ki, məsələnin bu qədər qabardılması həm də sübut edir ki, ortada konkret nələrsə var. Bunlar nədən ibarət ola bilər? Bu suala isə mərhum Əbülfəz Elçibəyin yazdığı iki məktub dolayısı ilə cavab verir. Məktuba diqqət yetirək.
Uca Türk millətinə müraciət
Bilirdim ki, məndə "xərçəng" xəstəliyi var. Amma mən bunu cəmiyyətdən gizlədirdim ki, müəyyən işləri görə bilim. Onu da bilmirdim ki, artıq əksəriyyət insanlar xəstəliyimi bilir və məndən ona görə gizlədiblər ki, narahat olmayım. Bu da çox pis nəticə verdi. Gərək xalq öz övladından heç nəyi gizli saxlamasın və eyni zamanda da övlad ondan heç nəyi gizlətməməlidir. Belə alındı ki, gerçəyi gizlətmək həm xalqa, həm də onun övladına heç bir xeyir vermədi.
Mən bir çox şeyləri "xalq bilib rahatsız olar, pis əhval-ruhiyyə yaranar" -deyə ondan gizlətdim.
Çox sirləri özümlə aparıram. Bunların bir çoxu açıqlanmalı idi, lakin buna zaman çatmadı. Demək olar ki, tale imkan vermədi.
Bir sıra xətalar buraxılmışdı ki, bunları aradan qaldırmaq mümkün idi. Millətim qarşısında bəzi xətalarım da olub. Xahiş edirəm, millətim məni bağışlasın. Deyəcəklər ki, üzrü sağ ikən etməli idi. Hər halda, görünür ki, tale belə məsləhət bilib.
Ayrı-ayrı şəxslər, xüsusilə də, mənə düşmən olanlar çox xoşagəlməz sözlər danışacaqlar. Ancaq mənim üçün əsas hökm Türk millətinin hökmüdür, Azərbaycan xalqının sözüdür!
Mən aydın görürəm ki, artıq həyatla vidalaşıram. Lakin bir çox ideyalarımın həyata keçdiyini görmədim. Ən başlıcası isə:
- Rusun əli ilə ermənilərin işğal etdiyi Qarabağı azad etmək istəyirdim. Bunu edə bilməsəm də mən artıq bilirəm ki, o mütləq azad olacaq!
- Azad surətdə Təbrizə getmək, onu azad görmək istəyirdim. Təbrizi azad görə bilmədim, ancaq indi elə fikirləşirəm ki, Təbrizi azad görmüşəm. Bu fikrimə "xəyaldır" deyəcəklər. Lakin elə deyil! Yaxın zamanlarda insanlar onu görəcəklər! Və onda biləcəklər ki, mənim düşündüyüm lap yaxında imiş.
Bir xalq azadlıq əldə edirsə o xalqın həyatdan köçmüş insanlarının (əlbəttə, bu azadlığı istəyən və onun uğrunda mücadilə edən insanları nəzərdə tuturam) ruhu da orada iştirak edir! Azərbaycan xalqı bütövlükdə azad olacaq və birləşəcək! O zaman keçiriləcək tədbirlərdə, bayramlarda Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış insanların ruhu da iştirak edəcəkdir! Ruh ölməzdir! Millətini sevənin ruhu hər zaman millətiylə olacaq!
Əbülfəz ELÇİBƏY,
Ankara Dövlət Xəstəxanası
19.07.2000
Bu isə ikinci məktubdanndır.
Türkiyədə və Azərbaycanda olan türk aydınlarımıza kiçik bir xatırlatma
Mən çox gec bildim ki, "xərçəng" xəstəliyinə tutulmuşam. Ancaq Siz bunu əvvəlcədən bilib məndən gizlətmişdiniz ki, mən narahatlıq hissi keçirməyim. Hətta gəlib mənimlə görüşəndə maraqlı kitablar gətirirdiniz ki, onları oxuyum. Ancaq daha yaxşı olardı ki, mənə bu həqiqəti bildirəydiniz. Nə qədər ki zaman varıydı, məsləhətləşib, heç olmazsa, gələcək milli proqramın tezislərini hazırlayaydıq. Yeni işlər görmək mümkün idi. Nə isə…
Onu da bilməliyik ki, nə qədər açıq-aydın danışa bilmirik, heç bir işimiz düzgün getməyəcək. Ona görə də mütləq demokratik cəmiyyət lazımdır ki, açıq danışıb məsələləri həll edək.
Türk millətinə ən lazım olan - mənəviyyata dayanaraq birləşə bilməkdir!
Əbülfəz ELÇİBƏY,
Ankara Dövlət Xəstəxanası
20.07.2000, saat 7:00
Bu məktublarda diqqəti cəlb edən məqam nədir? Sözsüz ki, Elçibəyin xəstəliyini bilib və bunu gizlədənlər. Çox böyük ehtimal ki, istintaq işində də bu məqama xüsusi önəm veriləcək.Ən azından bunu gizlədənlərin kimliyi araşdırılacaq. Bu isə yeni faktların ortaya çıxmasına əsas verəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00