Bu gün səhər saatlarında dünyasını dəyişən xalq artisti Fuad Poladov bir neçə ay əvvəl "Şərq qəzetinə xəstəliyi ilə bağlı müsahibə vermişdi.
Unikal.org xəbər verir ki, xalq artisti həmin müsahibə də xəstəliyi ilə bağlı danışarkən övladlarına görə Allahdan möhlət istədiyini qeyd edib.Həmin müsahibədən bir hissəsini oxuculara təqdim edirik:
- Bəzən insan özü də güclü olmalıdır ki, xəstəliyə güc gəlsin. Özünüzdə inam varmı?
- Əlbəttə. Ümidim var ki, yaxşı ola bilərəm. Tam sağalmaq bu xəstəliklə mümkün deyil, bilirəm. Amma bir az ümid ola bilər. Mən artıq xəstəliyimi sevməyə başlamışam. Xərçənglə sevgi oyunu oynayıram, onu sevməyi öyrənirəm. Hərçənd deyirlər ki, xərçəngi sevmək olmaz. Amma mən xərçəngi sevirəm. Onun şıltaqlığını qəbul etməyə başlamışam.
- Xərçəngin nazı ilə oynamağa başlamısız...
- Bəli. Tam doğru qeyd etdiniz. Xəstəliyimi sevməyə başlayıram. Bilirəm ki, bu elə xəstəlikdi ki, məndən bir də əl çəkməz. Sadəcə bir az xərçəngdən möhlət istəyirəm. Ona görə də onunla oynayıram.
- Möhlət istəyirsiz dediniz. Nəyi çatdırmağa arzulayırsız? Bəzən insan həyatda nəyəsə çatmaq, nəyisə çatdırmağa tələsir. Yəqin sizin də bu möhlət dövründə çatdırmaq istədikləriniz var...
- Var. Həqiqətən möhlət istəyirəm ki, bəzi işləri çatdıra bilim. Düzdü, səhnədən artıq əlimi üzmüşəm. Artıq heç vaxt səhnədə olmayacağımı qəbul etmişəm. Bilirəm ki, mənim ora bir daha qayıdışım olmayacaq. Amma şəxsi həyatımda çatdırmaq istədiklərim var.
- Övladlarınızla bağlı arzularınız var. Bunu deməyə çalışırsız?
- Bəli. Duyğusal görünmək istəməmişəm heç vaxt. Amma deyəsən bu xəstəlik məni bir az da duyğusal edə bildi. Ata olaraq arzularım var. İki övladım var. Qızım ailə qurub. Amma oğlumu evləndirməmişəm. 28 yaşı var. Oğlumun toyunu görmək, onu yerbəyer etmək istəyirəm. Buna görə xəstəliyimdən möhlət istəyirəm. Çox istərdim ki, oğlumdan da arxayın olum, bilim ki, ailə sahibidi. Bu məni sakit edə bilər. Hər ata kimi oğul toyunu görmək arzum var. Buna görə Allahımdan da, xəstəliyimdən də möhlət istəyirəm.