7 may uzun illərdir kirayənişin yaşamaqdan təngə gəlmiş insanların ümidlə gözlədiyi gün idi. Bu tarixdə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanacaq, onlar da nəhayət mənzil sahibi olacaqdılar.
Gözlənilən böyük gün gəlib çatdı. Səhər saat 10:00-dan etibarən tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin olunmuş 260 mənzil satışa çıxarıldı.
"Güzəştli mənzil sistemində şəxsi kabinet əldə etmiş 8800 nəfər eyni anda gözlərini monitora dikmiş, həyəcanla satışına start verilməsini gözlədi. Satışa start verildi və ...
...və MİDA-nin unikal adlandırdığı sistem start verilər-verilməz çökdü.
Mənzillərin elektron qaydada seçiləcəyi qərarını eşidəndə mənzillərin əldə edilməsində müəyyən şəffaflığın olacağına inanmışdıq. Ancaq baş verən bu hal 2 ehtimalı meydana gətirdi:
1.Dövlət tərəfindən əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün külli miqdarda vəsaitin ayrıldığı belə bir sistemin elektron bazası çox naşı və yararsız şəkildə hazırlanıb. Bu isə ehtiyacı olan insanların haqlarının pozulmasına və nəticədə ilk olaraq baş vurmalarına baxmayaraq mənzil əldə edə bilməmələrinə gətirib çıxartdı.
2.Sistemdə baş verən bu nasazlıq bilərəkdən törədildi və kimlərinsə, nisbətən ucuz olan bu mənzilləri özləri və ya yaxınları tərəfindən, bəlkə də müəyyən məbləğ qarşılığında əvvəlcədən danışılmış şəxslər tərəfindən əldə edilməsi məqsədini daşımaqdır.
MİDA-nin rəsmi feysbuk səhifəsinə göz atmaq kifayət edir ki, satışın necə baş verdiyini görəsən. Bir nəfər belə olsun satışdan razı qalan yoxdur. Bu qədər adam narazıdırsa, bəzi mənzilləri alan kimlərdir?
Mənzil İnşaatı Dövlət Agentliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə yaydığı məlumatda bu suala cavab verilməsə də, sistemdə başa vermiş nasazlığa aydınlıq gətirib.
"Mayın 7-si saat 11:50-yə qədər "Güzəştli mənzil sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub. Buna görə də portal artıq yüklənməyə məruz qalmış və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş verib. Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilmiş, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib. Lakin ilk mənzillərin seçimi mərhələsində "Elektron hökumət portalında və "Güzəştli mənzil sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşıyıb. Yaranmış halın həll edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Agentlik baş vermiş texniki nöqsanları operativ qaydada aradan qaldırıb.
Sistemi dəfələrlə yeniləyən kim, şəxsi kabinetdən çıxıb təkrar daxil olan kim? Ümid o qədər böyük idi ki, təslim olmaq istəmirdilər. Necə olursa-olsun, bu fürsətdən yararlanmalı, ailəsi üçün mənzil almalı idilər. Dəfələrlə cəhd etdilər və hər dəfəsində də xəyal qırıqlığı ilə üzləşdilər. Bütün cəhdləri sizif əməyinə dönən bu insanlar nəhayət 1 saat sonra "Güzəştli mənzil sisteminə daxil olanda gözlərinə inana bilmədilər. Bütün mənzillər satılmışdı. Ümidləri boşa çıxmış bu insanlara bu vaxt ərzində qazandıqları əsəb-stress qaldı.
Mənzil İnşaat Dövlət Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə növbəti mərhələlərdə "Güzəştli mənzil sistemi vasitəsilə satışa çıxarılacaq mənzillərin elektron qaydada seçimini daha da təkmilləşdirəcəyini deyir. Baş vermiş nöqsanların təkrarlanmaması üçün bütün zəruri tədbirləri həyata keçirəcəkmiş. Ümid edək ki, növbəti dəfə eyni hal təkrarlanmayacaq.(Musavat.com)