Çimərlik mövsümünün başlamasına az vaxt qalması bəzi işbazları hərəkətə keçirib. Həmin işbazlar ki, Abşeron rayonunun Novxanı qəsəbəsindəki Xəzər dənizinin dövlətə məxsus olan çimərlik ərazisini zəbt etməyə davam edirlər.
Unikal.org anspress-ə istinadən bildirir ki, hazırda qəsəbədə, onsuz da, əksər hissəsi bağlanılaraq pullu olan dəniz sahilinin geriyə qalan az hissəsindədə divarlar çəkilir.
Bu isə vətəndaşların haqlı narazılıqlarına səbəb olub. Onsuz da, təbii sərvətimiz olan Xəzərin sularında çətinliklə istirahətə yer tapanlardan biri də Azad Məmmədovdur. Qəsəbə sakini deyir ki, hazırda demək olar ki, dənizin adıçəkilən sahilində pulsuz çimərlik yoxdur.
"Qardaş, bilmirəm kimlərdir, amma dənizi bizə çox görürlər. Burada hər yer tutulub! Bəs biz hara gedək indi? Niyə kimlərinsə pul qazanmaq istəyi biz vətəndaşların hüquqlarının pozulması ilə nəticələnməlidir?"
Ərazidə müşahidə apardığımız zaman da indiyə qədər boş qalan, vətəndaşların pulsuz çimərlik kimi istifadə etdikləri ərazilərdə sürətlə tikinti işləri aparıldığının şahidi olduq.
Şübhəsiz ki, bu tikintini heç kim özbaşına apara bilməz. Dənizi hasara alanın kim olduğu isə bəlli deyil. Fəhlələr belə ərazinin kimə məxsus olduğunu bilmədiklərini deyirlər. Bircə o bəllidir ki, hasara alınan xalqın istirahət yerində pullu ximət göstərən məkan tikiləcək.
"Bütün qurumlar məsuliyyəti bir-birinin üzərinə atır"
Ən maraqlı məqam isə xalqın, millətin və dövlətin sərvəti olan və təbiətin insanlara təmənnasız verdiyi dənizin ətrafının hansı qurumlar tərəfindən işbazlara satılmasıdır. Maraqlıdır ki, heç bir qurum ərazini kimə və niyə satdığını etiraf etmir, günahı başqa bir dövlət qurumunun üzərinə atmaqla kifayətlənib.
Məsələ ilə bağlı Novxanı kənd icra nümayəndəliyi və bələdiyyəsindən sayta bildirdilər ki, qeyd edilən ərazi onların nəzarətində deyil: "Həmin ərazi Sumqayıt Şəhər İcra Hakimiyyətinin, daha dəqiq Corat qəsəbə bələdiyyəsinin sərəncamındadır".
Üz tutduğumuz Corat qəsəbə bələdiyyəsindən də gözlənilən cavab gəldi. Bələdiyyə sədri Elçin Ədilov açıqlamasında dedi ki, ərazi onların səlahiyyəti dairəsində deyil. Qeyd edilən ərazi birbaşa Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansındadır: "Hazırda Novxanı-Corat yolunun dənizkənarından keçən hissəsində təmir işləri həyata keçirilir. Bu çərçivədə yolun kənarında hasarlama işləri də aparılır. Ancaq hasardan içəridə hansı işlərin aparılmasından xəbərdar deyiləm".
Bütün qurumların məsuliyyəti üzərinə atdığı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin əməkdaşı Kənan Babayev isə açıqlamasında qeyd edilən ərazidə tikintinin aparılmasından xəbərsiz olduğunu deyir: "Konkret olaraq onu deyə bilərəm ki, bizim idarə qeyri-yaşayış sahəsi (istirahət mərkəzi) üçün heç bir sənəd verməyib. Nə verilibsə, sabiq başçının dövründə verilib. Onların da əksəriyyətində tikinti dayanmışdı. Hazırda isə tikintinin aparılmasından məlumatlı deyilik".
Kənan Babayev bildirdi ki, məsələ araşdırılacaq və müvafiq işlər görüləcək.
Bu məsələ sadə vətəndaşlar kimi Milli Məclisin də əksər deputatlarının "yaralı yeri"dir desək, mübaliğə etmiş olmarıq. Millət vəkili Vahid Əhmədov deyir ki, bu sahədə vəziyyət çox pisdir:
"Mən, ümumiyyətlə, bu vəziyyəti qəbul etmirəm. Bəziləri dənizin qırağını bütünlüklə hasarlayıblar. Faktiki olaraq insanlar çimərliklərə çıxa bilmirlər. Çox acınacaqlı haldır. Bilinmir bunlara kimlər icazə verib. Belə addım atan insanlar məsuliyyətə cəlb edilməlidir. Onlara icazə verənlər, nə üçün icazə verildiyi, yaxud qeyri-qanuni şəkildə hasarlandığı araşdırılmalıdır. Maraqlı sualdır ki, çimərlik mövsümü gəlir, yazıq insanlar hara gedəcəklər?".
Deputat deyir ki, bu məsələ hər dəfə Milli Məclisin iclaslarında müzakirə edilir:
"Çox təəssüf ki, icra orqanları bizim qəbul etdiyimiz qərarları yerinə yetirmir. Əvvəl axır bu məsələ öz həllini tapmalıdır. Ölkədə son dövrlər hakimiyyətin başının müəyyən siyasi, iqtisadi məsələrə qarışması müəyyən insanların yenidən çimərlikləri tutmağa başlamasına səbəb oldu. Bu tikintilərə icazə verən icra hakimləri, bələdiyyə sədrləri məsuliyyətə cəlb edilməlidir və hasarlar faktiki olaraq sökülməlidir. Qanunda bununla bağlı cəzalar da sərtləşdirilib. Lakin icra orqanları istədikləri kimi hərəkət edirlər.
Vahid Əhmədov deyir ki, bu məsələ tezliklə Milli Məclisdə yenidən müzakirəyə çıxarılacaq: "Biz demirik ki, özəl çimərlik olmasın. Ancaq onun yanında pulsuz çimərlik də olmalıdır axı".
İnsanların ümümi istifadədə olan ərazilərə girişinin olmaması, bələdiyyə və icra orqanlarının özbaşınalığı, yerli qurumların məsələni bir-birinin üzərinə atması, millət vəkillərinin onlardan fərqli olaraq həyəcan təbili çalması məsələnin bir də hüquqi tərəflərini gündəmə gətirir.
Hüquqşünas Adəm Məmmədov deyir ki, torpağın qanunsuz zəbt edilməsi ilə Cinayət Məcəlləsinin (CM) 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddəsi ilə cinayət məsuliyyəti yaradır:
"Həmin ərazilər dövlət mülkiyətidir. Dövlət bu məsələdə maraqlı olmalı və kimliyindən asılı olmayaraq qanunsuz zəbtetməyə görə həmin şəxslər barədə hüquq-mühafizə orqanlarına şikayət etməlidir. Bu ərazilər dövlətə məxsusdur və özəlləşdirilə bilməz. Bunlar hamısı ümumi istifadə üçün nəzərdə tutulan ərazilərdir. Əgər yerli icra hakimiyyəti bu məsələyə ciddi yanaşsa və yerli müvafiq qurumlara göstəriş versə, həmin tikintilər dərhal ləğv edilə bilər. Yerli icra hakimiyyətinin belə bir səlahiyyəti var".
Xatırladaq ki, Cinayət Məcəlləsinin (CM) 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddəsinin tələbini pozanlar yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Burada diqqət yetirilməli daha bir məqam isə bu problemin dünya ölkələrində hansı formada həll edilməsidir. Məsələn, elə qonşu Türkiyəyə nəzər salsaq, görərik ki, orada dənizin kənarında istirahət mərkəzlərinin və otellərin tikintisinə də icazə verilir. Ancaq dəniz ümumi mülkiyyət olduğu üçün heç bir ictimai obyekt sahibi vətəndaşın onun obyektinin ərazisində istirahət etmək, çimmək hüququnu məhdudlaşdıra bilməz. Baxmayaraq ki, həmin çimərliyi ərazidəki otel və restoranların sahibləri təmir edir və təmizliyinə nəzarət edir.
Hələ bir müddət əvvəl məsələ işıqlandırılan zaman Milli Məclisin deputatı Çingiz Qənizadə bildirmişdi ki, yaxın gələcəkdə dənizin sahilboyu ərazilərini hasara alanlar, qanunsuz tikililər inşa edənlər elə özləri əziyyət çəkib onları sökməli olacaq:
""Torpaq məcəlləsi"nə edilən dəyişikliklərdən sonra Xəzər dənizinin görüntüsü məhdudlaşdırıla bilməz. Hətta dövlət təyinatı ilə sahilboyu ərazilərdə hasar çəkilərsə belə, müəyyən məsafədən sonra giriş-çıxış üçün yerlər saxlanılacaq. İndi paytaxtın bəzi ərazilərində, məsələn Qaradağ rayonunda dənizi kilometlərlə məsafə boyu görmək mümkün deyil. Bu, düzgün deyil. Xəzər ümumi sərvətimizdir. Artıq yeni qanun layihəsinin təsdiqindən sonra sahilboyu əraziləri hasara alanlar bunu öz hesablarına sökməli olacaq. Yalnız hansısa hallarda dövlət xəttilə sahilboyunda hasarlanma olarsa belə, hər 100 metrdən bir eni 6 metr olmaqla dənizə giriş yolu qoyulmalıdır".
2015-ci il dekabrın 18-də "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan prezidenti fərman imzalayıb. Həmin fərmana əsasən, Xəzər dənizinin sahilboyu 20-50 metr zolağındakı torpaq sahələri ilə bağlı tələbləri pozanlar, həmin torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alan fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslərsə 40 min manat miqdarında cərimə edilir.
Eyni xətalar təkrar törədildikdə isə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə edilir.
Xəzər dənizinin sahilinin hasarlanması, bunun fonunda vətəndaşların çimərliklərə giri-çıxışının qadağan edilməsi uzun illərdir ki, ölkədə müzakirə obyektidir. Amma göründüyü kimi, artıq 2016-cı ildə yaşamağımıza baxmayaraq, Xəzər sahilini hasarlardan, müxtəlif əyləncə obyektlərindən, villalardan təmizləmək mümkün olmayıb. Dövlətin sərvətini xalqdan oğurlayıb satanlar haqqında müvafiq tədbirlərin görülməsinin tam zamanıdır. Çünki bunun üçün kifayət qədər ciddi qanun da var, bunun tərəfdarı olan xalq da, millət vəkili də, ölkə rəhbərliyi də. Qalır həmin şəxslərin cəzalandırılması.