Unikal.org axar.az-a istinadən tədqiqatçı Aslan Kənanın "XX əsrdə repressiyaya məruz qalanlar" kitabından böyük dramaturq, görkəmli şair Hüseyn Cavid haqqında yazısını təqdim edir:

...İndi hələ ki, 13 iyun 1934-cü ildir. Azərbaycan Yazıçılar İttifaqının birinci qurultayının növbəti iclası gedir. İclasa sədrliyi Hacıbaba Nəzərli edir. O, ilk sözü Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin mərkəzi propaqanda (təbliğat - A.K.) şöbəsinin müdiri Mikayıl Hüseynova (sonralar o da repressiyanın qurbanına çevrilir) verir. Natiq çıxışında ədəbiyyatımızın inkişafından bir-iki kəlmə dedikdən sonra onun gündən-günə artmaqda olan tələblərini bugünkü gündə ödənmədiyini və bunun da günahını bir çox yazıçılarda gördüyünü bildirir. O, məruzəsində mədəni-maarifin planlarının yerinə yetirilməməsində Yazıçılar İttifaqının ayrı-ayrı üzvlərini günahlandırırdı. M.Hüseynov çıxışında bir çox yazıçı və şairlərin ünvanına kifayət qədər sərt fikirlərini bildirdikdən sonra lövbərini Hüseyn Cavid yaradıcılığına saldı. Məruzəçi qoyduğu tələblərində bəzən nə demək istədiyini özü də dərk edə bilmirdi. O, öncə H.Cavidi fəhlələrin, kolxozçuların həyatından yazmamaqda günahlandırırsa, digər tərəfdən də şairdən neft və pambıqdan əsərlər yazmağı tələb etmədiyini bildirirdi. Natiq çıxışına davam edərək H.Cavidə hədə-qorxu gəlməyə başlayır və üzünü şairə tutaraq deyir:
 
"Yoldaş Cavid, məni haqsızlayın, sizin buradakı çıxışınızdan velmovçuluq çıxır. Siz bilirsiniz ki, vaxtı ilə Trotski Mərkəzi Komitənin büro üzvü idi və firqənin ən birinci rəhbərlərindən idi... Lakin buna baxmayaraq, onlar firqə prinsiplərini pozduqları üçün və şəxsi tənqid əsası ilə firqədən kənar edildilər".
 
Həmin şəxslərin son aqibəti məlumdur. Məhz məruzəçi təsadüfən bu ifadəni işlətmir. Bu H.Cavidin gələcək həyatının necə nəticələnə biləcəyinə bir işarə idi. Bu da təbii idi. Çünki o dövrdə H.Cavid qədər sevilən, pərəstiş olunan, əsərləri ilə səhnəmizdə hökmranlıq edən şairə qarşı hücumlar o həddə çatmışdı ki, həmin qurultayın 15 iyun tarixli iclasındakı çıxışlarının birində "Onun bu vaxta qədər yazdığı əsərlər üç ay səhnədə davam etdikdən sonra arxivə verilir..." deməsi qısqanclıqdan başqa bir şey deyildi. Qurultayda çıxış edən Ağa Hüseyn Rəsulzadə (repressiyanın qurbanı olub) isə məruzəçinin əksinə olaraq fikrini belə ifadə edir:
 
"Şair və yazıçı yazdığı əsərlərlə neft, pambıqdan və onların planlarının həyata keçirilməsi yollarından bəhs etməlidir".
 
Dahi şairə necə yazmağı öyrədən, onun gələcək yaradıcılığını müəyyənləşdirənlərin də aqibəti məhz quruluşa olan sadiqliyin nəticəsi idi ki, onların da həyatlarının sonu facıə ilə nəticələnir. Daha sonra respublika mətbuatında sistemli şəkildə H.Cavidə qarşı yazılar təşkil olunur, onun hər bir əsərində əksinqilabi, millətçilik meyilləri axtarılırdı.
 
Təsadüfi deyil ki, 1936-cı ildə H.Cavidə bir "yoldaş" kimi yanaşmağı, yaxşı münasibətdə olmağı məqsədəuyğun sayan, ondan istifadə etməyin zəruriliyindən çıxış edən S.Vurğun nədənsə 1937-ci ildə yazdığı "Səadət düşməni" şeri ilə əks qütbdə dayanırdı. Həmin ildə Yazıçılar İttifaqının iclasında H.B.Nəzərli (repressiyanın qurbanı olub) çıxış edərək fikrini belə ifadə edir:
 
"Mən, S.Vurğun, Ələkbərli yoldaşların ittifaqı sinfi düşmənlərdən təmizləmək haqqındakı fikirləri ilə şərikəm. Biz sinfi düşmənləri yalnız ittifaqdan xaric etməklə kifayətlənməməliyik. Bəlkə onların əsərlərini, onların yaradıcılıqlarını dərindən-dərinə tənqid etməli və tamamilə ifşa etməliyik. Azərbaycan Yazıçılar İttifaqının rəhbərlərindən biri kimi mənim də vaxtı ilə böyük səhvlərim olmuşdur. Mən də kor-koranə Averbaxın fikirlərini Azərbaycan ədəbiyyatına yaymışam. Bununla bərabər, qeyd etməliyəm ki, biz bəzən ən böyük səhv buraxanlar haqqında susuruq. Belə ki, Mustafa Quliyev vaxtı ilə H.Cavid kimi kontrrevolüsyonu indiyə kimi kiməsə deməmişdir. Bundan başqa ittifaqa qəbul vaxtı Ələkbərli, S.Vurğun, Nəzərli ilə bərabər S.Rüstəmin də günahı olmuşdur. Məncə, biz hamımız partiya və hökumət qarşısında cavab verməliyik".
 
Məruzəçi düşünmürdü ki, o bu etirafına görə nə vaxtsa cavab verməli olacaq. Artıq aprel ayında DTK-nın zirzəmisində onun haqqında məlumatlar toplanılıb, ifadələr alınırdı. İyul ayında isə o, Pyatiqorskidə dincələn zaman xüsusi göstərişlə həbs edilib, Bakıya gətirilir...
 
Arxivdə şairin şəxsi qovluğunda 27 may 1937-ci ildə XDİK-nın IV şöbəsinin rəisi Çinmanın təsdiqi, I bölmənin IV şöbəsinin rəisi, təhlükəsizlik leytenantı Klemençiçin təqdimatı ilə hazırlanmış ilk sənəddə göstərilir:
 
"1892-ci ildə (səhvdir, 1882 olmalıdır - A.K.) anadan olmuş, azərbaycanlı, bitərəf, Azərbaycan SSR vətəndaşı, 1918-ci ildən "Müsavat" partiyasının üzvü, ali təhsilini Türkiyədə almış Hüseyn Cavid haqqında arayış. Şair, müsavat ədəbiyyatının təbliğçisi olan H.Cavid "Yaşıl qələmlər"in üzvü, teatr texnikumunda müəllimdir. Hal-hazırda Azərbaycan SSR XDİK-nın IV şöbəsinə məlumdur ki, Hüseyn Cavid müsavatçılarla əksinqilabi əlaqələr yaradır, onlarla milli söhbətlər aparır. H.Cavid gənc şairləri ətrafına toplayıb, onları müsavat yönümdə hazırlayır".
 
Bu yığılmış sübutlar əsasında Hüseyn Cavidi Azərbaycan Cinayət Məcəlləsinin 72-73-cü maddələri ilə təqsirli bilib, onun həbsi üçün təcili tədbir görmək lazımdır. 03.06.1937-ci ildə Sumbatovun imzası ilə qərara alınır:
 
"12493 saylı işlə əlaqədar olaraq təhlükəsizlik leytenantı Klemençiçin təqdimatı ilə qanunsuz əksinqilabi, millətçi təşkilatda iştirak etdiyinə görə Hüseyn Cavid Rəsizadə Azərbaycan c/m 72-73 maddələri ilə həbs edilib, XDİK idarəsinin Ardoma (həbs evi - A.K.) göndərilsin".
 
Sonda H.Cavid tərəfindən 07.06.1937-ci il tarixdə "Mən bu qərarı eşitdiyimə görə imza atıram" sözləri yazılıb.
 
03.06.1937-ci ildə H.Cavidin həbsi üçün 509 saylı order də yazılır. 04.06.1937-ci ildə isə şairin evində axtarış aparılır və protokol tərtib edilir.
 
V bölmənin, IV şöbəsinin rəis köməkçisi, təhlükəsizlik baş leytenantı Pavlov, Bakı şəhər, Kommunist küçəsi 8-də yaşayan Hüseyn Cavidin evinin axtarışında N.N.Parşin, A.T.Verdiyev, M.Cavid və H.Cavid iştirak
etməklə aşağıdakılar götürülüb:
 
Pasport - 549349, vəsiqə -192, Azərbaycan MİK-nə daxil olmaq üçün buraxılış - 35, bloknotlar və qeyd kitabçaları, şəxsi məktublaşmalar, müxtəlif fotoşəkillər, portfel, müxtəlif poçt açıqcaları, türk, ərəb, fars və başqa dillərdə kitablar, H.Cavidin çap olunmamış əlyazmaları, gümüş manatlıqlar 6 - ədəd, gümüş 50 qəpiklər - 18 ədəd.
 
Həbs olunan gününün sabahı IV şöbənin təhlükəsizlik serjantı tərəfindən H.Cavidin ilk dindirilməsi aparılır. Müstəntiq əksinqilabi, millətçi təşkilatların üzvi olub-olmadığını bilmək üçün bir neçə sual verəndən sonra əlində kifayət qədər dəlil və sübut olmadığını anlayıb, dindirməni dayandırmağa məcbur olur. İndi müstəntiqə onu qane edən dəlillər tapmaq üçün əlavə vaxt lazım idi. Məhz buna görə də 13.03.1938-ci ildə Azərnəşrdə tərcüməçi işləyən şair Mikayıl Rzaquliyevi dindirmək üçün DTK-ya dəvət edirlər. Bu, təsadüfi çağırış deyildi. Artıq onlara məlum idi ki, H.Cavid, M.Müşfiq və başqaları haqqında Yazıçılar İttıfaqında müxtəlif fikirlər formalaşmaqdadır. Xüsusi şöbənin əməkdaşları ittifaqın üzvlərindən istifadə etməyi qarşılarına məqsəd qoyurlar... M.Rzaquliyev DTK-nın zirzəmisindəki izahatında aşağıdakıları deməyə məcbur edilir:
 
"H.Cavidi 1926-cı ildən tanısam da, onunla 1933-cü ildən yaxınlıq etmişəm. H.Cavidlə yaxınlıq etdiyim gündən bir əksinqilabi, burjua-millətçi kimi tanımış, o ədəbi yaradıcılığını Türkiyəyə tərəf yönəldiyini bildirmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulanda H.Cavid yazıçı, şair və dramaturq kimi yazılarında sovet həqiqətlərini düzgün əks etdirmir, əsərlərini bir əksinqilabi, millətçilik ruhunda qələmə alaraq, sovet mövzusunun əksinə yönəldirdi. O, "Peyğəmbər", "İblis", "Siyavuş", "Topal Teymur" və s. kimi əsərlərini panislamizm, pantürkizm şəkildə yazmış, osmanlı ideologiyasını həmişə tərifləmişdi. Onun bu əsərlərini Türkiyə mətbuatı xüsusi diqqət mərkəzində saxlayırdı. H.Cavid "İblis" əsərində Türk ordusunu tərifləyib.
 
H.Cavidi xırda burjua şairi adlandıranda əsəbiləşər və deyərdi ki, o, görkəmli burjua şairidir. Yazıçılar İttifaqı və başqa təşkilatlar ondan tələb edirdilər ki, sovet dövründən yazsın. Lakin o etiraz edərək, böhtancasına təsdiq etməyə çalışırdı ki, guya sovet ölkəsində daimi qəhrəman yoxdur, onlar hər an dəyişirlər. H.Cavidə öz bədii yaradıcılığında dəyişiklik etmək məsləhət bilinsə də, o, əksinqilabi, millətçi baxışları ilə "mən çəkməçi deyiləm və sifariş qəbul etmirəm", - deyərək, sovet mövzusunda əsərlər yazmaqdan imtina edirdi. H.Cavid mənimlə hər söhbət edəndə ÜİK(b)P və Sovet dövlətinə qarşı böhtanlar atar, Azərbaycan ədəbiyyatına və onun yaradıcılarına "rusifikasiya" siyasəti apardığını qeyd edirdi".
 
Bu dindirmədən 17 il sonra, 20 fevral 1955-ci ildə təhlükəsizlik mayoru Abdullayevə ifadə verən M.Rzaquliyev müstəntiqin H.Cavidlə əlaqəsi haqqında sualına cavabı gözlənilən idi.
 
Məlum olur ki, o, Azərbaycan ədəbiyyatının tanınmış və şöhrətli şairi H.Cavidi 1926-cı ildən tanıyır, lakin onunla heç bir əlaqəsi olmayıb. Etiraf edir ki, o, bir şair kimi çox güclü olub. H.Cavid "Şeyx Sənan", "Siyavuş", "Dəli Knyaz" və başqa əsərlər yaratmışdır. O, ən çox yadda qalan əsərlərini Sovet dövründə yazdığını bildirir.
 
H.Cavidin siyasi görüşlərinə münasibətini bildirən M.Rzaquliyev fikrini belə izah etməyə çalışır ki, o, şair olmaqla inqilabdan öncə fəhlələrin həyatından əsərlər yazmışdır. Şairin fəhlə sinfinə xüsusi rəğbəti var idi. Lakin heç bir siyasi partiyanın üzvü olmadığını da xatırladaraq qeyd edirdi ki, "incəsənət, incəsənətə məxsus olmalıdır" (sənət sənət üçündür. - red.) fikirlər H.Cavidin devizi olmuşdu. Müstəntiq 1938-ci ildə M.Rzaquliyev tərəfindən verilmiş cavablara münasibətini bilmək istəyəndə məlum olur ki, onun nə dediyi yadında deyil. Ona H.Cavidin əksinqilabi, millətçi fəaliyyəti haqqında heç nə məlum olmadığını, ümumiyyətlə, ifadələrin müstəntiq tərəfindən dəyişdirildiyini iddia edirdi.
 
Qeyd edək ki, böyük Azərbaycan şairi Hüseyn Cavid 1939-cu ildə Maqadana sürgün edilib və 1941-ci ildə sürgündə vəfat edib.