ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişini ləğv etməsi dünya bazarında neftin qiymətinin bahalaşmasına səbəb olub. Ekspertlər qısa zamanda neftin qiymətinin 80 dolları ötəcəyini düşünürlər.
Unikal.org bildirir ki, Tramp İranla olan nüvə sazişini ləğv edərək dünya neft bazarında yeni bir tendensiyanın əsasını qoydu. Bu da ixrac olunan İran neftinin dünya bazarında azalması hesabına neftin həcminin aşağı düşməsi və nəticədə neftin qiymətinin sürətlə artması ehtimalıdır.
Trampın qərarını açıqladığı gün neftin qiymətinin artması bunun yaxın gələcəkdə daha böyük rəqəmlərlə ifadə olunacağından xəbər verir.
Ekspert Rəşad Həsənov bildirir ki, neftin qiyməti 90 dollara qədər bahalaşa bilər. Bahalaşma xüsusilə ilkin dönəmdə daha çox nəzərə çarpacaq.
İqtisadçı deyir ki, bunlar indiyə olan proqnozlardır. Çünki bir sıra qərb ölkələri Amerikanın nüvə sazişindən çıxmasını yaxşı qarşılamayıblar. Buna görə də ola bilsin ki, Qərb ölkələrinin heç də hamısı İrana qarşı sanksiyalara qoşulmadılar. Belə olacağı təqdirdə İran neftinə dünya bazarında olan təzyiqlər azala bilər. Qısacası dünya bazarının uzunmüddətli dövr üçün qiyməti Birləşmiş Ştatlarla Qərb ölkələrinin İrana qarşı birgə münasibətinin məcmusundan asılı olacaq./xezerxeber.az