İspaniya futbol klubu "Real Madrid"in İraqda yerləşən mərkəzlərindən birinə silahlı hücum edilib.
Unikal.org ans press-ə istinadən məlumat verir ki, İŞİD terror qruplaşması tərəfindən törədildiyi deyilən hadisə nəticəsində 16 nəfər həlak olub, 20 nəfər yaralanıb. Bu barədə İspaniyanın AS idman qəzeti məlumat yayıb. Mənbənin verdiyi məlumata görə, qanlı hadisə Bağdaddan 125 kilometr məsafədə Samarra şəhərində yerləşən mərkəzdə baş verib. İraqda "Real Madrid" azarkeşlərinin toplaşdığı yer olan mərkəzdə tərəfdarlar ispan nəhənginin matçlarını izləmək üçün yığışırdılar. Mərkəzin özündən verilən məlumata görə, bir qrup İŞİD terrorçusu AK-47 silahları ilə qarşılarına çıxan hər kəsi atəşə tutub.
"Onlar futbolu sevmirlər və bunun islama zidd olduğuna inanırlar", - deyə mərkəzdən məsul şəxs Ziad Subhan bildirib.
Ötən gün isə paytaxt Bağdadda İŞİD terror qruplaşmasının bazarlardan birində törətdiyi terror aktı nəticəsində 80 nəfər ölüb, 120 nəfər yaralanıb.
Bazarın yaxınlığındakı gözəllik mərkəzinin yanında bomba yüklü maşın partladılıb.
Bu, son aylarda İraqda törədilən ən böyük terror aktıdır. İraqlı rəsmilər ölənlərin çoxunun qadın və uşaq olduğunu bildiriblər.
İraq Şam İslam Dövləti və ya qısaca İŞİD əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar terror qruplaşmadır.
3 yanvar 2014-cü il tarixində müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmiş tanınmamış dövlət və terror təşkilatıdır.