Yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Şəfa" futbol klubu beynəlxalq arenada mühüm addım ataraq Avropa Futbol Klubları (EFC) təşkilatına üzv qəbul olunub.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, EFC rəhbərliyi tərəfindən kluba xüsusi rəsmi məktub ünvanlanıb. Sənəddə vurğulanır ki, "Şəfa" bununla da qitənin dörd bir yanından 800-dən çox komandanın cəmləşdiyi nəhəng və nüfuzlu futbol icmasının ayrılmaz hissəsinə çevrilib. Bu qlobal şəbəkədə yer alan klubları sıx əməkdaşlıq, davamlı inkişaf və idmanın uzunmüddətli uğuruna yönəlmiş ortaq hədəflər birləşdirir.
EFC nümayəndələri öz ismarışında qurumun əsas missiyasına da toxunublar. Bildirilib ki, başlıca hədəf Avropa futbolunun elitasında çıxış edən komandaları tək çətir altında birləşdirmək, onların maraqlarını qorumaq və hərtərəfli dəstək göstərməkdir. Bununla yanaşı, təşkilat üzv klublara qitə futbolunun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində birbaşa iştirak və söz sahibi olmaq imkanı yaradır.
Yekunda qeyd olunub ki, "Şəfa"nın bu mötəbər təşkilata qoşulması klubun Avropa futbolunun ortaq gələcəyinə və inkişafına olan sadiqliyinin bariz nümunəsidir. EFC rəhbərliyi Azərbaycan təmsilçisi ilə başlayan bu yeni əməkdaşlıqdan böyük məmnunluq duyduğunu xüsusi olaraq diqqətə çatdırıb.








.jpg)


















.jpeg)


























