Kanadanın Ontario əyalətinin Niaqara Fols şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.
"Unikal" xəbər verir ki, Kanada Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə Toronto, Hamilton, Kembric və ətraf bölgələrdə yaşayan soydaşlarımız iştirak edib.
Azərbaycan Evinin rəhbəri Lalin Həsənova Niaqara Folsda Azərbaycan bayrağının ucaldılmasının qürurverici hadisə olduğunu söyləyib. O, bu təşəbbüsə göstərilən dəstəyə görə şəhərin bələdiyyə başçısı Jim Diodatiyə, eləcə də Şəhər Şurasının üzvləri Mona Patel və Ruz Ən Niyuvesteqə (Ruth Ann Nieuwesteeg) təşəkkürünü ifadə edib.
Daha sonra üçrəngli bayrağımız havaya qaldırılıb.
Soydaşlarımız belə əlamətdar tədbirdə bir araya gəlməkdən məmnun olduqlarını bildiriblər. Azərbaycanın Müstəqillik Gününün xaricdə qeyd olunmasının milli dəyərlərimizin təbliği və həmrəyliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.


















































