Türkiyənin sahil mühafizə xidməti növbəti qeyri-leqal miqrant qrupunun Yunanıstana yollanmaq cəhdinin qarşısını alıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, içərisində İraqdan gəlmiş 40 qaçqının olduğu qayıq Türkiyənin Dikili limanından çıxdığı vaxt saxlanıb.
Ötən bazar ertəsi günü Türkiyə yunan adalarından bərə ilə çıxarılan miqrantları qəbul etməyə başlayıb. Müvafiq razılaşma martın 18-də əldə edilmişdi. İndi isə Ankara qarşı tərəfdən addımların atılmasını gözləyir. Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsselə xəbərdarlıq edib ki, Avropa İttifaqı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə, Türkiyə sazişə əməl etməyəcək.
Yunanıstandan deportasiya olunmuş qeyri-leqal miqrantların qəbulunun əvəzində Türkiyə Brüsseldən 6 milyard avro həcmində maliyyə yardımı alacaq və Avropa İttifaqı Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək. Hər halda, sazişdə belə göstərilir.