Türkiyədəki terror aksiyalarının müdhiş sirri!
12:38 25-08-2012
İQTİSADİYYAT
Türkiyədəki terror aksiyalarının müdhiş sirri!
Suriyada gecikmə Türkiyəni terror poliqonuna çevirir
Son günlər Türkiyədə dinc sakinlərə qarşı yönəlmiş terror aktları artıq bütün dünyanın diqqətini çəkib. Hakkari, Şəmdinli, Foça və Qaziantepdə baş verən terror aktları ötən ilin yayından 2010-cu ildə PKK tərəfindən elan olunmuş atəşkəsə son qoyulmasından sonra ən qanlı aksiyalar kimi qiymətləndirilir.
Diqqət çəkən məqam isə terror aksiyalarını hazırlayanların əsasən dinc sakinləri hədəf almasıdır. Artıq Türkiyədə və dünyada bu aksiyalar sadəcə PKK-nın təzyiq metodları kimi qiymətləndirilmir. Təhlilçilərin fikrincə, bu aksiyalar Suriya ətrafında baş verən mürəkkəb qlobal geosiyasi oyunun bir komponenti kimi Ankaranın regional siyasətinə təsir göstərmək məqsədi daşıyır. Məhz dünyanın super güclərinin Suriyada uzun zamandan bəri "dincəlməsi", bir metirliklərində olan Türkiyəni daha yaxşı görməyə, bu ölkəni hansı yolla "xoşbəxt etməyə" seçməyə imkan verir. Görünən odur ki, Suriyada hadisələr qəsdən uzadılması Türkiyənin terror poliqonuna çevirilməsinə xidmət edir.
Əsəd rejimi niyə yıxılmır?
İlk baxışda da görünür ki, Türkiyədə terror aksiyalrının zamanlaması və keçirildiyi yerlər təsadüfi seçilməyib və diqqətlə planlaşdırılıb. Söhbət Suriyadakı proseslər və burada Ankaranın oynadığı roldan gedir. Gözlənildiyi kimi Suriyada Bəşər Əsəd rejimini devrilməsi prosesi uzanır və əvvəlcədən planlaşdırıldığı kimi müxalif qüvvələrin kənardan fəal şəkildə dəstəklənməsi, güclü diplomatik təzyiq siyasəti hələ ki, istənilən nəticəni vermir.
Burada söhbət heç də, Əsəd hakimiyətinin dirənişindən deyil, müttəfiqlər tərəfindən ona verilən dəstəkdən gedir. Başda İran olmaqla Rusiya və Çin bu dəfə ilk həmlələrdəcə geri çəkilmək niyyətində olmadıqlarını nümayiş etdirirlər. Tehran rejimi isə açıq şəkildə Əsədə birbaşa yardım edir. Əsədin hakimiyyətdə qalması faktiki olaraq İranın dəstəyinə bağlıdır. İran isə öz növbəsində Rusiya və Çin tərəfindən dəstəklənir və açıq hərəkət etməkdən çəkinmir.
Qərb birbaşa məsuliyəti üzərinə götürmək istəmir
Əsədə müxalif qüvvələrin Hələb şəhərini ələ keçirə bilməməsindən sonra Suriyada pat vəziyyəti yaranıb. Proseslərə kənrardan müdaxilə edilməsə bu vəziyyət uzun müddət davam edə bilər. Suriyadakı böhranın uzun müddət davam etməsi isə ABŞ və Qərb ölkələrinin strateji maraqlarına cavab vermir və son nəticədə Əsəd rejiminin qələbəsi, yaxud uzun illər boyu davam edəcək xaosla, ölkənin bir neçə hissəyə parçalanması ilə nəticələnə bilər. ABŞ yalnız 10 ildən sonra İraqda vəziyyəti qismən sabitləşdirə bildi. Suriyada isə vəziyyət daha mürəkkəbdir.
ABŞ və Qərb ölkələri isə Suriyadakı proseslərə birbaşa müdaxilə etməkdən çəkinirlər. ABŞ-da prezident seçkilərinə bir neçə ay qalıb, Obama admnistrasiyası risk etmək istəmir. Fransada yeni seçilən prezident Oland bir gün əvvəl dövlət başçısı kimi 100 gününü qeyd etdi. Paris daxili iqtisadi böhranla üz-üzə qalıb və Suriyada məsuliyyəti öz üzərinə götürmək istəmir. Britaniya ənənəvi olaraq yalnız ABŞ-dan sonra hərbi müdaxiləyə qərar verə bilər. Almaniya isə ümumiyyətlə, başdan bəri seyirçi mövqe nümayiş etdirir. Görünür, ABŞ-ın gözləmə mövqeyi tutması Suriyaya hərbi müdaxilə ilə bağlı konsensusun əldə olunmasını mümkünsüz edib.
Qərb ölkələri ümumilikdə Əsədin getməsinə qərar versələr də, bu planın reallaşdırılmasında heç bir ölkə birbaşa məsuliyyəti öz üzərinə götürmək istəmir. Hamı başa düşür ki, Suriyaya hərbi müdaxliə dərhal qələbə əldə olunmasına təminat vermir və böyük qırğınlarla, ağır nəticələrə səbəb ola bilər. İqtisadi böhranla üz-üzə qalan Avropa ölkələrində isə bu gözlənilməz proseslərə gətirib çıxara bilər.
Türkiyənin
seçimi varıydımı?
Türkiyə ətrafında baş verənlər onu deməyə əsas verir ki, Qərbsə situasiyadan çıxış yolu kimi Ankaranın Suriyaya hərbi müdaxiləsini ən optimal və özləri üçün nisbətən təhlükəsiz varinat kimi nəzərdən keçirirlər. Ankara Suriyada daxili qarşıdurma başlayandan bəri Qərb ölkələri üçün əsas platsdarm, təchizat məntəqəsi rolunu oynayır. Türkiyənin addımları regional lider kimi Suriyadkı proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir. İstər Əsəd rejiminin təcrid olunmasında, zəiflədilməsində, Suriya müxalifətində dəstək verilməsində Ankaranın qərarları və rəsmi Dəməşqdən üz çevirməsi əsas amillərdən biri kimi çıxış edir.
Türkiyədə və dünyada, xüsusən Rusiya və İranda Ankaranın tələyə düşdüyünü iddia edirlər. Vurğulanır ki, Əsəd rejiminin devrilməsindən sonra Türkiyənin itirdikləri qazandıqlarından çox olacaq. Ankara Qərb ölkələrindən daha çox asılı vəziyyətə düşəcək. Eyni zamanda Suriyadakı kürdlər də Ankara üçün daha böyük başarğısına çevriləcək. Bu arqumentlərdə həqiqət payı da çoxdur. Lakin Ankarnın başqa seçimi varıydımı? Türkiyənin İraqa hərbi müdaxilədə iştirak etməməsi ərəb dünyası, İran, yaxud elə iraqlılar, Rusiya, Çin tərəfindən layiqincə dəyərləndirildimi? Şübhəsiz ki, yox.
Ankaraya niyə və necə təzyiq edirlər?
Tarixi şərait və dünyadakı mövcud durum, qüvvələr nisbəti elə formalşıb ki, Türkiyə Suriya məsələsində kənarda qala bilməzdi və Ankara tərəf tutmaq məcburiyyətində qalıb. Bununla belə Türkiyə təkbaşına Suriyadakı proseslərə birbaşa hərbi müdaxilədən mümkün qədər qaçmağa çalışır. Ankarada başa düşürlər ki, son nəticədə bu Ankara üçün son 10-15 ildə nail olduqlarının sonu ola bilər. Suriyada Əsədin devrilməsi uzun müddət davam edəcəyi şübhə doğurmayan xaotik proseslərin yalnız başlanğıcı olacaq, sonu yox. Türkiyənin Suriyaya ordu yeridib buranı ABŞ-ın İraqda etdiyi kimi 10 illər ərzində hərbi cəhətdən nəzarətdə saxlamağa gücü və potensialı yoxdur.
Xüsusən nəzərə alsaq ki, Qərb koalisyası Ankaraya maksimum polis funksiyasını həvalə edəcək. Suriyanın yenidən şəkilləndirilməsində isə son söz yenə Vaşinqton, London və Parisdə qəbul ediləcək. Bu baxımdan Türkiyə təkbaşına birbaşa hərbi müdaxilədən çəkinir.
Qərb koalisiyasında isə Ankarının gözləmə mövqeyinin ona baha başa gələcəyinə işarə vurmağa çalışırlar. Türkiyədə davam edən terror aktlarının arxasında məhz bu durur.
Əks halda Türkiyənin təhlükəsizliyini təmin etmək Qərb ölkələri üçün elə də çətin iş deyil. Sirr deyil ki, Suriyadakı müxalif qüvvələr, həmçinin, kürdlər təlimatları, silahları və təchizatı haradan alırlar. Onlara qəti şəkildə Türkiyədən uzaq durmaq təlimatı gəldiyi halda çətin ki, bu əmri pozsunlar.
Özlüyündə bu terror aktları PKK və Suriya kürdləri üçün hansı faydalrı verə bilər ki? Bundan sonra bu aksiyalar davam etsə belə, Ankaranın PKK, yaxud Suriyadakı kürdlər məsələsində mövqeymi dəyişəcək? Yaxud 30 ilədn çox terrorla mübarizə aparan Türkiyə kürdlərlə onların şərtləri ilə kompromissə gedəcək?
Strateji yanaşdıqda xüsusən dinc sakinlərin hədəf götürüldüyü aksiyalar PKK və kürdlər üçün heç bir üstünlük yaratmayacaq. Onlar vədlər almasalar, kənar qüvvələrlə sövdələşmələrə getməsələr bu aksiyalar heç bir strateji mahiyyət daşımır. Amma kürdlərlə üçüncü qüvvələrin sövdələşmələrin şərtlərindən biri kimi nəzərdən keçirildikdə hər şey aydın olur. Türkiyəni təzyiq altında saxlamaq, Ankaranı Suriya məsələsində hərbi müdaxiləyə meylləndirmək. Həmçinin, Türkiyə cəmiyyətində bu cür ovqat, fikir yaratmaq.
Zaur İbrahimli
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40