Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalı nümayəndələrin Müstəqil Dövlətlər Birliyindən ( MDB) səlahiyyətli orqanlarından  geri çağırılması barədə əmr imzaladığını bəyan edib.

Unikal.org  xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 "Bu gün mən Ukrayna münayəndə heyətinin  MDB-nin bütün səlahiyyətli orqanlarından geri çağrılması barədə müvafiq əmr imzalamışam.  Avropa istiqamətində addımladığımızdan bizim bu orada təmsil olunmağımızın mənası yoxdur", - deyə P.Poroşenko vurğulayıb.

 Qeyd edək ki, bir qədər əvvəl  P.Poroşenko   ölkəsinin MDB-nin əlaqələndirici qurumlarda iştirakını dayandıracağı ilə bağlı açıqlama verib. "Bu MDB-dən çıxmaq anlamına gəlmir, çünki, Ukrayna heç vaxt bu quruma daxil oilmayıb", - deyə P.Poroşenko vurğulayıb.

 Xatırladaq ki, aprelin 12-də P.Poroşenko hökumətə Ukraynanın MDB-dən rəsmi şəkildə çıxması ilə bağlı sənəd hazırlamağı və bununla bağlı prosedura başlanılması barədə tapşırıq verib. Öz növbəsində aprelin 23-də MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, Ukrayna hələlik MDB-dən çıxacağı ilə bağlı rəsmi şəkildə xəbərdarlıq etməyib.  

 Qeyd edək ki, Ukrayna 1991-ci ilin dekabrında MDB-nin təsis edilməsi ilə bağlı müqaviləni ratifikasiya etsə də təşkilatın nizamnaməsini təsdiqləmədiyindən de-yure MDB üzvü sayılmırdı.