Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başlayıb.
Unikal.org bildirir ki, "APA-Economics"in sorğusuna cavab olaraq bu barədə "Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, "Azərenerji və "TAVANİR şirkəti arasında imzalanan müqaviləyə əsasən bu gün saat 11:00 radələrindən "Azərenerji ASC tərəfindən təcrid olunmuş ada rejimində pik gücü 80 MVt olmaqla, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb.
Qeyd edək ki, bu ilin aprelində "Azərenerji ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti "TAVANİR arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi "Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyev və "TAVANİR şirkətinin idarə heyətinin sədri A. Kordi imzalayıb.
Y.Babanlı Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi prosesinin həyata keçirilməsi üçün növbəti üçtərəfli görüşün tarixini də açıqlayıb. "Azərenerji" rəsmisi qeyd edib ki, aprelin 26-da Bakıda baş tutan görüşdə əldə edilən razılığa görə iyun ayın sonunadək Moskva şəhərində üç ölkənin İşçi Qrupunun növbəti iclasının keçirilməsi nəzərdə tutulub.
Bolqarıstana elektrik enerjisi satılması ilə bağlı danışıqlara gəlincə, Y.Babanlı bildirib ki, bununla əlaqədar "Azərenerji" tərəflər arasında danışıqları davam etdirmək qənaətindədir.