Oliqarxlar görünməmiş əndişə içində
11:53 28-08-2012
İQTİSADİYYAT
Oliqarxlar görünməmiş əndişə içində
Onların inhisarçı mövqelərinə ciddi təhlükə yaranıb
Ötən həftə Azərbaycanda da çox maraqla qarşılanan bir hadisə yaşandı. Söhbət Rusiyanın uzun müddətdir üzv qəbul olunmağa çalışdığı Ümumdünya Ticarət Təşkilatı (ÜTT) sıralarına daxil olmasından gedir.
Belə ki,illərin danışıqlarından sonra Rusiya avqustun 22-də Ümumdünya Ticarət Təşkilatına rəsmən üzv qəbul edildi. Bu rəsmi üzvlüklə Rusiya qlobal ticarət qaydaları və ticarət müqavilələri tətbiq edən orqana qoşulmuş 156-cı ölkəyə çevrildi.
Bu vaxta qədər Rusiya ÜTT-ə üzv olmayan ən böyük iqtisadiyyata malik ölkə idi. Rusiyanın üzvlüyü hökumət və parlament palataları tərəfindən rəsmən təsdiqləndikdən 30 gün sonra rəsmiləşib.
Xatırladaq ki, Azərbaycanın da xeyli vaxtdır ÜTT-yə qəbul edilməsi məsələsi gündəmdədir: amma onun gecikməsi maraq doğururdu. Bu isə iki səbəblə izah edilirdi.
Birinci səbəb: rəsmi Bakının Rusiyadan əvvəl ÜTT-yə üzvlüyü arzulamaması.
İkinci səbəb: oliqarxların bu üzvlüyə müqavimət göstərməsi.
Artıq Rusiyanın nüfuzlu təşkilat sıralarına qəbul olunması ilə sıradakı ölkənin Azərbaycan olacağına dair ehtimallar artıb. Qeyd edək ki, az əvvəl ABŞ-ın dövlət katibi Hillari Klinton ölkəmizə səfəri zamanı da demişdi ki, Azərbaycanın ÜTT-yə üzvlüyü də sürətlənəcək. Rusiyanın ÜTT üzvü olmasından sonra isə buna heç bir şübhə qalmır.
Əldə etdiyimiz bilgilərə görə, belə bir perspektiv Azərbaycan hökumətindəki bəzi iri məmurlarda möhkəm əndişə yaradıb və onlar belə bir üzvlük addımının reallaşacağı təqdirdə inhisarçı mövqelərini itirəcəklərindən, nəzarətlərindəki nəhəng biznes imperiyasının sürətlə çökəcəyindən və iri holdinqlərinin əllərindən çıxacağından narahatdırlar.
Vurğulamaq yerinə düşər ki, əksər iqtisadçı ekspertlər və siyasi analitiklər də bu qənaətdədirlər ki, ölkədə böyük inhisarçılıq var, gömrük və ticarət sistemi alınmaz imperiyaya çevrilib. Bu izahla razılaşmamaq çətindir. ÜTT-yə üzvlük müəyyən mənada ticarətin liberallaşmasını, ticarət qanunvericiliyinin dəyişməsini, inhisarçılıq tendensiyalarının aradan qaldırılmasını, gömrük sisteminin şəffaflaşmasını nəzərdə tutur. Bütün sferalarda olduğu kimi ticarət sahəsində də böyük bir inhisar var. Ölkənin inhisarçılığa qarşı mübarizəsi isə daha çox siyasi lətifə təsiri bağışlayır.
Belə bir vəziyyətdə isə Azərbaycanın ÜTT-yə üzvlüyü oliqarxlar üçün arzuolunmazdır. Doğrudur, onların belə bir üzvlüyə bundan sonra uzun müddət müqavimət göstərməsi az ehtimal olunur. Hesab edilir ki, proseslərin gedişi ölkəmizin istənilən halda adıçəkilən təşkilatın sıralarına daxil olmasını qaçılmaz edir, bununla belə, iri inhisarçı məmurların bu prosesi əngəlləmək, onun qarşısını birdəfəlik ala bilməsələr belə, mümkün qədər uzatmağa çalışacaqları da istisna olunmur.
Rusiyanın ÜTT-yə üzvlüyünün bəzi oliqarxlarda yaratdığı əndişənin başqa bir məqamına toxunan adının çəkilməsini istəməyən ekspert isə «Unikal”ın əməkdaşı ilə söhbətində belə deyib: «Əksər iri inhisarçı məmurların hökumət daxilindəki proseslərə yeganə təsir gücü onların maddi imkanları ilə bağlıdır. Bu cür oliqarxlar biznes və gəlirlər baxımından azacıq zəifləsələr, bu, onların vəzifə karyerasını da sarsıdacaq. Onlar sürətlə zəif fiqura çevriləcək, nüfuzlarını itirəcək, əllərindəki təsir gücünün əhəmiyyətli hissəsindən məhrum olacaqdlar və hər an «vurulma” qorxusu onları gecə-gündüz vəlvələdə, təlaşda saxlayacaq. Bir sözlə, bir çox oliqarxlar Azərbaycanın ÜTT-yə üzvlüyünə həm də özlərinin vəzifələrinin itirilməsinin başlanğıcı kimi baxırlar”.
Fikrimizcə, bundan sonra əlavə hansısa mülahizə səsləndirməyə ehtiyac qalmır. Yeganə iş isə oturub Azərbaycanın ÜTT-yə üzvlüyünü gözləməkdir. Ki, bəlkə bundan sonra iqtisadiyyatımızda inhisar və inhisarçılıq tədricən tarixin arxivinə keçmiş olsun.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00