Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədov barəsində olan cinayət işi üzrə ibtidai istintaq təzələnib.
Unikal.org apa-ya istinadən məlumatına görə, bir müddət əvvəl cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Tərəflər cinayət işinin materialları ilə tanış olarkən iş üzrə zərərçəkmiş tərəfin vəkili ibtidai istintaqın təzələnməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, cinayət işində bəzi məsələlər düzgün araşdırılmayıb. İstintaq orqanı onun vəsatətini təmin edib və cinayət işi üzrə istintaqın təzələnməsinə qərar verilib.

Qeyd edək ki, K. Mahmudov ötən il sentyabrın 26-da qətlə yetirilib. Keçirilən əmliiyat-axtarış tədbirləri nəticəsində cinayəti S. Məmmədov və L. Mahmudovanın birgə törətdiyi müəyyənləşib, hər iki şəxs ötən il oktyabrın 3-də tutularaq istintaqa cəlb olunub. Məlum olub ki, S. Məmmədov K. Mahmudovu odlu silahla qətlə yetirib, meyitini L. Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək, özünə məxsus "BMW" markalı avtomobillə İsmayıllı rayonuna aparıb, orada qardaşı Əli Məmmədovun evinin həyətində basdırıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
 
Onu da qeyd edək ki, L. Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, əri isə bizneslə məşğul olub.