Diasporla İş üzrə Dövlət komitəsinin sabiq sədri Nazim İbrahimov dövlət qurumuna məxsus avtomobilin dövlət qeydiyyat nişanını mənimsəyib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Nazim İbrahimov komitəyə məxsus 10-AA-321 dövlət nömrə nişanını şəxsi avtomobilində istifadə edir. Dövlətin Diasporla İş üzrə Dövlət komitəsinin sədri üçün ayırdığı avtomobilin qeyd etdiyimiz nömrəsini 90-AA-321 qeydiyyat nişanına dəyişən Nazim İbrahimov sonradan öz planını həyata keçirib. Belə ki, keçmiş komitə sədri 10-AA-321 avtomobil nömrəsini Baş Dövlət Yol Polisi İdarəsində "Oğuz-4" kiçik müəssisəsinin adına " Volkswagen" avtomobil üçün rəsmiləşdirib. Məsələ bununla da bitmir. Nazim İbrahimov qeyd olunan qeydiyyat nişanını "lipa" nömrə kimi bir neçə maşının üzərinə yerləşdirməkdən belə çəkinmir.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib ki, 10-AA-321 dövlət nömrə nişanlı "Mercedes S 500" markalı avtomobil Nazim İbrahimovun dövründə komitə sədrinin xidmətində olub:
"10-AA-321 dövlət qeydiyyat nişanlı avtomobil həqiqətən də Diasporla İş Üzrə Dövlət Komitəsinin qeydiyyatında olub və hazırda Komitənin qeydiyyatında deyil".
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov unikal.org-a bildirir ki, "AA" seriyalə dövlət nömrə nişanını özəlləşdirmək qeyri-qanunidir:
"Avtonəqliyyat vasitələrinə verilmiş dövlət nömrə nişanları ilə bağlı hər hansı bir qeydiyyat əməliyyatı aparırsansa o, qanunvericiliklə tənzimlənir. Dövlət nömrə nişanlı avtomobillərin özəlləşdirilməsi indiki qanunvericiliklə mümkün deyil".