"Bizim Yol qəzetinin və bizimyol.info xəbər saytının təsisçisi və baş redaktoru Bahəddin Həziyev təhqir olunan əməkdaşına görə, Azəbaycan Respublikasının Baş prokuroru, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralova müraciət göndərib.
Unikal.org xəbər verir ki, müraciətdə yazılır:
"Hörmətli cənab Baş prokuror!
Məlum olduğu kimi, 2018-ci il iyun ayının 2-də güclü sel suları Göyçay çayı üzərində avtomobil körpüsünün bir hissəsini yumuş, nəticədə körpü qismən uçmuşdu. Bununla bağlı olaraq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanmış, Qasımov Nazim Səfər oğlu və Əliyev Nəcməddin Mikayıl oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərərk barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətiimkan tədbiri seçilmişdir. Bununla bağlı unikal.org saytında dərc olunmuş xəbərdə bildirilidi ki, Nəcməddin Mikayıl oğlu Əliyev Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin keçmiş rəisi, polis general-mayoru, Quba rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ərzuman Əliyevin qardaşıdır.
Bu məlumatın doğruluğunu yoxlamaq məqsədilə rəhbərlik etdiyim "Bizim Yol qəzetinin və bizimyol.info xəbər saytının xidmət müqaviləsi əsasında əməkdaşlıq edən müxbiri, Əli Cahangiroğlu imzası ilə yazan Vəliyev Əli Cahangir oğlu 08 iyun 2018-ci il tarixdə Ərzuman Əliyevə zəng etmiş, ona KİV haqqında qanunvericiliyin və peşə etikasının tələblərini pozmadan Nəcməddin Əliyevin onun qardaşı olub-olmaması haqqında məlumatın nə dərəcədə həqiqətə uyğun olub-olmaması haqda sual verib. Suala cavab vermək və ya cavab verməkdən imtina etmək əvəzinə Ərzuman Əliyev daşıdığı general-mayor rütbəsinə yaraşmayan və heç bir etik normaya sığışmayan təhqiramiz ifadələrlə jurnalisti ağır formada təhqir etmişdir.
Bununla bağlı Sizə müraciət edərək xahiş edirəm ki, polis general-mayoru Ərzuman Əliyevin əməlinə qanunun tələblərinə uyğun hüquqi qiymət verilməsi haqda göstəriş verəsiniz.
Baş redaktor bizimyol.info-ya açıqlamasında bildirib ki, Ərzuman Əliyevin etdiyi hərəkətə görə cəzalandırılmasına üçün lazımi addımlar atılacaq:
"Biz qanunla nəzərdə tutulan bütün vasitələrdən istifadə edəcəyik ki, bu fakra hüquqi qiymət verilməsinə nail olaq. Əgər nail ola bilməsək, bu, jurnalistlərə qarşı törədilən və cəzasız qalan daha bir cinayət əməli olacaq.