Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhər, Tuğ zavod yaşayış massivində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən unikal.org-a bildirilib ki, sözügedən əraziyə keçirilən baxış zamanı məişət tullantılarının Samur-Abşeron Magistral Kanalının mühafizə zonasına atılaraq qalaqlandığı, ərazidə antisanitar vəziyyətin yarandığı faktı aşkarlanıb.
Faktla bağlıSamur-Abşeron Kanalı İstismar İdarəsinin sahə rəisi Səhhət Qənbərov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimələnib.
Kanalın mühafizə zonasında qalaqlanmış tullantıların təmizlənməsi məqsədilə Samur-Abşeron Kanalı İstismar İdarəsinə, tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunması üçün Sumqayıt bələdiyyəsinə və Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə icrası məcburi olan müddətli "məcburi göstərişlər verilib.