Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb.
Unikal.org xəbər verir ki, komitə sədri son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların xüsusilə qeyri-neft sektorunun inkişafına təkan verdiyini diqqətə çatdırıb. Səfər Mehdiyev Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə də müsbət təsir göstərdiyini bildirib.
Kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin qorunmasında həyata keçirilən layihələrin rolunu xüsusi qeyd edən Səfər Mehdiyev komitənin gömrük sərhədində baytarlıq, sanitar və fitosanitar nəzarətini də həyata keçirdiyini söyləyib.
Komitə sədri fitosanitar nəzarətini həyata keçirən müfəttişlərin peşə biliklərinin artırılması məqsədilə təşkil olunan bir çox seminarlara, eləcə də FAO-nun "Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi layihəsi çərçivəsində alınmış müfəttiş dəstlərinin Dövlət Gömrük Komitəsinə təqdim edilməsinə görə minnətdarlığını bildirib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak FAO və gömrük xidməti arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Rəhbərlik etdiyi ofisin Azərbaycanda reallaşdırdığı layihə və proqramlar barədə məlumat verən Mələk Çakmak FAO-nun gələcək planlarından da danışıb. Ofisin rəhbəri Azərbaycan kənd təsərrüfatında məhsuldarlığın artımı ilə yanaşı, qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməsinin önəmini vurğulayıb.