Bu gün Azərbaycan Kooperasiya Universitetində 2017/2018-ci tədris ilinin yaz imtahan sessiyası dövründə "Açıq qapı günü təşkil olunub.
Unikal.org xəbər verir ki, "Açıq qapı günündə universitetdə təhsil alan tələbələrin valideynləri, KİV və QHT nümayəndələri, təhsil ekspertləri iştirak etmişdir. Universitetdə bu aksiyasını keçirməkdə məqsəd imtahanların şəffaf təşkilinin ictimaiyyət tərəfindən izlənilməsi və qiymətləndirilməsidir. "Açıq qapı günündə iştirak edən qonaqlar universitetin "Marketinq və menecment", "Ekspertiza və texnologiya", "Maliyyə", "İqtisadiyyat" və "İdarəetmə" fakültələrində eyni zamanda, imtahan yoxlama mərkəzində imtahanların gedişini izləyib. Qonaqlara imtahan zallarını təqdim edən tədris işləri üzrə prorektor Fikrət Quliyev onları salamlayaraq bildirdi ki, universitetimizdə imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.
Qeyd edək ki, F. Quliyevin imtahanların təşkili ilə bağlı verdiyi bütün məlumatları diqqətlə dinləyən qonaqlar imtahan zallarında imtahanların təşkilini yüksək qiymətləndirərək ilk olaraq başda nazir cənab Ceyhun Bayramov olmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Kooperasiya Universitetinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. İmtahanların keçirilməsi, şəffaf və obyektiv mühitin yaradılması, imtahan nəticələrinin ədalətli qiymətləndirilməsini yaxından izləyən valideynlər övladları üçün yaradılmış əlverişli təhsil mühitindən razı olduqlarını bildirdilər.