Qubadlı şəhər Qara İlyasov adına 1 saylı tam orta məktəbdə tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Məktəbəqədər Ümumtəhsil Şöbəsinin müdiri Aydın Əhmədov, Təhsil şöbəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər. Tədbir məktəbin direktoru Hümbət Hümbətəliyev tərəfindən giriş nitqi ilə açıq elan edildikdən sonra çıxış edən Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov son zəng günü münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik etdi. Məzunlara yeni başlayacaqları həyatda uğurlar arzulayan başçı vurğuladı ki, onların cəmiyyətdə layiqli vətəndaş kimi formalaşması, bilikli və bacarıqlı mütəxəssis kimi yetişmələri hər birimizin ən böyük arzusudur. Ötən il rayon ümumtəhsil məktəblərini bitirən 491 məzundan 419-u sənəd vermişdir. Onlardan 301 nəfər Ali məktəbə qəbul olmuşdur. Respublika üzrə qəbulun nəticələrinə görə rayonumuz birinci yerdədir. Sonra rayon İcra Hakimiyyətinin başçısı rayonda təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması işlərindən danışdı və qeyd etdi ki, şagirdlərin yaxşı təhsil almaları üçün rayon İcra Hakimiyyəti bundan sonra da əməli fəaliyyətini davam etdirəcəkdir.
Son zəng gününün Qurtuluş günü ərəfəsində qeyd olunduğundan bəhs edən M. İsaqov bildirdi ki, 1993-cü ilin iyun ayının əvvəllərində baş verən proseslər Azərbaycanın müstəqillik tarixinin ilk illərində cərəyan edən ictimai-siyasi hadisələr, o zamankı rəhbərlərin səriştəsizliyi və naşılığı üzündən dövlət müstəqilliyimizin təhlükə ilə qarşılaşdığını qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ölkəni parçalanmaqdan xilas etdi. Suverenliyin itirilməsinə aparan bütün təhlükələr aradan qaldırıldı. Tarixi əhəmiyyətli beynəlxalq layihələr həyata keçirilərək Azərbaycanın inkişafının təməli qoyuldu. RİH başçısı qeyd etdi ki, Hazırda Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əlavə etdi ki, həmişə dövlətçilik ənənələrinə sadiq olan rayon əhalisi bu gün də dövlət rəhbərinin apardığı siyasəti tam dəstəkləyir və inanırlar ki, ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət bütün məcburi köçkünlərin doğma torpaqlara qayıtmasını təmin edəcəkdir.