26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradın təlim-məşqlərinə hazırlıq məqsədilə paytaxtın bəzi yerlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Unikal.org-un xəbərinə görə, Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Qafqazinfo"ya bildirib ki, təlim-məşqlə əlaqədar olaraq iyunun 24-dən etibarən paytaxtın Neftçilər prospekti boyu Azadlıq meydanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Yəni avtomobillərin hərəkəti Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətin əksinə olaraq Cavanşir körpüsündən keçməklə Yusif Səfərov küçəsi istiqamətinə müəyyənləşdirilir.
Həmçinin Azadlq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən hərəkət yalnız sağa - Rəşid Behbudov küçəsi istiqamətinə, eləcə də Puşkin, Üzeyir Hacıbəyov küçələri kəsişməsindən hərəkət sağa - Azadlıq prospekti istiqamətində, eyni zamanda Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə sola, yəni 28 May küçəsi istiqamətində müəyyənləşdirilir.
Sürücülərə qeyd edilən istiqamət üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi və ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur.