Ordumuz haqqında tükürpədici məlumatlar səngimək bilmir
12:56 29-08-2012
CƏMİYYƏT
Ordumuz haqqında tükürpədici məlumatlar səngimək bilmir
Biləsuvarda məskunlaşmış Cəbrayıl köçkünü İradə Məmmədova "Qaynar xətt"ə övladının hərbi hissədə işgəncə ilə qətlə yetirildiyini və ölüm hadisəsinin intihar kimi qələmə verildiyini deyib:
"4 ay tamam deyildi əsgər aparılmışdı. Pulumuz yox idi 4 ayda bir dəfə Naxçıvana yanına getməyə. Qardaşına zəng edirmiş, deyirmiş burda məni incidirlər, qardaşı da deyirmiş ki, biz də əsgər olmuşuq, əsgərlikdə belə şeylər olur, döz. Ölümündən bir neçə gün əvvəl yenə zəng edib, yenə şikayət edib, qardaşı yenə onu sakitləşdirib, bizə də heç nə deməyib ki, narahat olarıq. Uşağın meyiti gələndən sonra bilmişik bunu".
İradə Məmmədova danışır ki, oğlu İsmayıl İbayev 4 ay əvvəl hərbi xidmətə çağırılıb. İyulun 31-də isə bir nəfər ona zəng vuraraq əsgərin meyiti ilə kəndə yaxınlaşdığını deyib:
"Meyit yolda, ancaq bizə söz deyən yoxdur. Heç zəng vurub xəbərdarlıq da etməyiblər. Kəndə çathaçatda zəng vurublar ki, meyiti gətiririk. Adam necə olar? Bir əsgər idi, bir də maşını sürən sürücü, vəssalam. Meyiti, bir də onlara verilmiş bizə çatacaq kağızı atıb qaçdılar. Basdırandan sonra həmin əsgər yenə gəldi. Dedik bu uşağı kim vurub, nə səbəbə? Dedi, o kağızda yazılanlardan başqa heç nə bilmirəm".
"UŞAĞIMIN BƏDƏNİNİ SİQARETLƏ
KÖZLƏYİBLƏR"
Əsgərin "kağız" dediyi ölüm haqqında şəhadətnamədir. Orada yazılıb ki, İsmayıl İbayevin ölümünə səbəb kəlləni dəlib keçən odlu silahdan bir ədəd güllə yaralanmasıdır. Ancaq ana kağızda yazılanlarla razılaşmır:
"Bir gülləlik deyil, mənim uşağımın bədənini siqaretlə közləyiblər. işgəncə veriblər. Daxili orqanlarını çıxarıblar".
Əsgər anasının sözlərinə görə, ona nəinki oğlunun ölümünün səbəblərindən danışan yoxdur, heç bircə dəfə nə hərbi hissədən, nə də Müdafiə Nazirliyindən zəng vurub "keçmiş olsun" deyən də olmayıb:
"Qalmışıq Bakının ortasında, bizi bir adam qəbul eləmir. Bu necə ölkədir, bu qədər dərəbəyilik olar? Prezident Aparatına, Heydər Əliyev Fonduna, Respublika Hərbi Prokurorluğuna getmişik. O göndərir bunun üstünə, bu göndərir onun üstünə. Uşağımın ölüsünü açdım, az qaldım havalanam. Deyirlər özünü güllə ilə vurub, ancaq meyitin üstündə o qədər xəsarət vardı ki. Hamısını çəkdik. Çəkməyimizdən nə fayda? Kimdir o şəkillərə baxan? Hansı qapıya gediriksə, deyirəm, uşağımın meyitinin şəkillərinə baxın, görün, üstündə nə qədər işgəncə izi var. Bunlara görə kim cavab verəcək. Ordan da göndərirlər başqa qapıya. Bu da bunların Azərbaycan əsgərinin ölüsünə və ailəsinə göstərdikləri münasibət".
RƏSMİ MƏLUMAT
Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, Milli Ordunun əsgəri, 19 yaşlı İsmayıl Rafiq oğlu İbayev xidməti silahla başından atəş açaraq özünü öldürüb və əsgərin ölümü ilə bağlı araşdırma aparılır.
Hərbi Prokurorluğun mətbuat xidməti isə əsgər valideyninin dediklərinə rəsmi cavab göndərib:
"Naxçıvanda "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş əsgər İsmayıl Rafiq oğlu İbayev 31 iyul 2012-ci il tarixdə qarovul xidmətində olarkən xidməti istifadəsində olan avtomat silahdan özünün alın nahiyəsinə atəş açaraq xəsarət yetirmiş və "başın alın nahiyəsindən sıyrılıb ənsə nahiyəsindən çıxan odlu silah, güllə yaralanması" diaqnozu ilə hərbi hospitala yerləşdirilmişdir. Aparılmış müalicə tədbirlərinə baxmayaraq həmin gün əsgər İsmayıl İbayev almış olduğu güllə yarasından vəfat etmişdir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə-tibbi ekspertlərin iştirakı ilə hərbi prokurorluğun əməkdaşları tərəfindən mərhum İsmayıl İbayevin meyitinin xarici və daxili müayinəsi keçirilmiş, müvafiq ekspertizaların aparılması üçün hərbi tibbi ekspert tərəfindən nümunələr götürülmüşdür.
Əsgər İsmayıl İbayevin ölməsi faktına görə 31 iyul 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hərbi prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
İSTİNTAQ
DAVAM EDİR
Hal-hazırda baş vermiş hadisənin bütün hallarının tam, hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir".
Respublika Hərbi prokurorluğunun Mətbuat xidməti əlavə olaraq bildirir ki, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəisi meyitin müayinəsi zamanı qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilən tədbirlər barədə kütləvi-informasiya vasitələrinə kifayət qədər ətraflı məlumat versə də, əsgərlərin daxili orqanlarının çıxarılıb satılması barədə həqiqətə uyğun olmayan yazılar hələ də bəzi informasiya vasitələrində bilərəkdən və ya bilməyərəkdən çap edilir.
Respublika Hərbi Prokurorluğu bir daha bildirir ki, kütləvi informasiya vasitələrində reallığı əks etdirməyən bu cür məlumatların dərc edilməsi yolverilməzdir".
Ehtiyatda olan polkovnik-leytenant, müstəqil hərbi ekspert Üzeyir Cəfərlinin sözlərinə görə, "Zorakılıq hallarını bütün orduya şamil etmək olmaz, amma təəssüflər olsun ki, bu gün ayrı-ayrı hərbi hissələrdə qeydə alınan zorakılıq faktları komandirlərin öz vəzifə borclarına məsiliyyətsiz yanaşmalarının nəticəsində meydana çıxır. Harada ki komandirlər öz vəzifə borclarına vicdanla yanaşırlar, o hərbi hissələrdə belə faciələr baş vermir. Orduda əsgərlərə qarşı baş vermiş son zorakılıq halları valideynlərdə ciddi narahatlıq yaradıb və artıq ölkə ictimaiyyəti bu faktları geniş şəkildə müzakirə edir. Övladlarını sağ-salamat hərbi xidmətə yola salan valideynlər sonra övladlarının meyidlərini görəndə çox böyük sarsıntı keçirirlər və mən bir valideyn kimi onları başa düşürəm. Belə olmamalıdır. Bu valideynlər ömür yolu cavan ikən kəsilmiş bu gənclərin ah-naləsini, öz ağrılarını müfaviq qurumlara çatdırmaq istəyirlər. Həmin dövlət qurumları bu məsələlərə biganə yanaşanda, sözsüz ki, valideynlər ruh düşgünlüyünə məruz qalırlar."
Ekspertin dediyinə görə, "Orduda öldürülmüş maştağalı bir əsgərin valideynləri elə bu gün mənə müraciət ediblər. Onların döymədikləri qapı qalmayıb, şikayətlərinə baxan yoxdur. Ən sonuncu hadisə Naxçıvandakı hərbi hissədə əsgər İsmayıl İbayevlə baş vermiş olaydır. Onun anası deyir ki, "Oğlumu hərbi hissədə öldürüb, gətirib cəsədini atıblar üstümüzə. Biz onu dəfn etməmişik. Qəbirə qoyub üstünə elə-belə torpaq tökmüşük ki, lazımi məmurlar gəlib meyidi müayinə etsinlər. Amma şikayətimizə baxan yoxdur". İradə Məmmədova bir ana kimi haqlıdır. Yəni övlad böyüdüb, 4 ay hərbi xidmətdə olmuş övladını itirib. Anası deyir ki, o, ağıllı, savadlı bir uşaq olub. Ana şikayətçidirsə, istintaq orqanları bu şikayəti araşdırmalıdır. Bizim Hərbi Prokurorluğun müfaviq şəxslərinə mənim də böyük bir iradım var. İndi siz təsəvvür edin ki, bunlar etiraf edirlər ki, "Bəli, orduda zorakılıq, dedovşina faktları qeydə alınır". Amma onlar bu suala cavab vermirlər ki, ordudakı zorakılıq halları nədən yaranır. Niyə bunun səbəbləri açıqlanmır? Ordumuzda müxtəlif xarakterli və müxtəlif ailələrdə tərbiyə almış insanlar xidmət edirlər. Niyə bu insanlar bir-birləriylə yola getmirlər? Axı bu insanların dinləri də birdir, dilləri də birdir, vətənləri də birdir. Bəs onda necə olur ki, bu uşaqlar bir-birlərilə yola getmirlər, bir-birlərini öldürürlər? Bir sözlə, mən hesab edirəm ki, bu məsələlər açıqlanmalıdır. Bu açıqlamalar olmadığına görə cəmiyyətdə bir ajiotaj yaranıb. Təsəvvür edin ki, ölmüş əsgərlərin daxili orqanlarının satılması ilə bağlı şayiələr məhz belə açıqlamaların olmaması nəticəsində meydana çıxıb. Mərhum əsgərin valideynləri iddia edirlər ki, onların balasının içalatı çıxardılaraq satılıb. Məsələ burasındadır ki, bu yaxınlarda Müdafiə Nazirliyinin tibb eksperti, polkovnik-leytenant Rasim Əliyev bir açıqlama vermişdi. Mən belə şəxsləri ona görə qınayıram ki, niyə vaxtında açıqlama vermirsiniz ki, cəmiyyətdə də bu qədər söz-söhbətlər yaransın? Artıq bütün dünya mətbuatı yazır ki, Azərbaycan ordusunda ölmüş əsgərlərin orqanlarının alveri başlanıb. Belə məzmunlu xəbərlər Amerika, İngiltərə mətbuatında da yer alıb. Kimə lazımdır belə məlumatların yayılması? Hərbi məmurlar vəzifə borclarını lazımi şəkildə icra etmirlər və nəticədə belə biabırçılıqlar meydana çıxır".
Üzeyir Cəfərlinin sözlərinə görə, "Məlumdur ki, xidmət zamanı dünyasını dəyişən istənilən insanın meyidi tibbi müayinədən və yarılmadan keçməlidir ki, ölümün səbəbləri dəqiq şəkildə müəyyənləşdirilsin. Amma meyid yarılandan sonar valideynlərə və cəmiyyətə də açıqlama verilməlidir. Cəmiyyətlə hesablaşmayan, ona hesabat verməyi xoşlamayan məmurların törətdiyi biabırçılıqlar isə ancaq bu cür ola bilər. Valideyn görür ki, övladının meyidi yarılıb, daxili orqanları da yoxdur. Axı tibbi ekspetizanın prosedurları barədə hamının məlumatı olmur..."
Ekspertin fikrincə, "Hərbi məmurların gecikmiş açıqlaması cəmiyyətdə qorxu yaradıb. Amma istənilən halda, əsgərin qeyri-döyüş mühitində həlak olması ordunun və cəmiyyətin faciəsidir. İlin əvvəlindən bu günə qədər belə şəraitdə həlak olan əsgərlərimizin sayı 65-ə çatıb. Orduda əsgərlərə işgəncə verilməsi faktları da tez-tez qeydə alınır. Bir neçə ay bundan qabaq Bərdədəki hərbi hissədə dünyasını dəyişmiş əsgər Pərviz İsgəndərlinin anası bu faktı gündəmə çıxartmışdı. Hərbi Prokurorluq bununla bağlı açıqlama verdi ki, həqiqətən də, həmin əsgəri incidib ona işgəncə veriblər. Belə göstəricilər Müdafiə Nazirliyinə və Azərbaycan hökumətinə başucalığı gətirmir".
Natiq
Digər Xəbərlər
2024-12-26 09:05:43
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29