Rusiyada gənclər arasında sərbəst güləş üzrə birincilik uğrunda yarış zamanı kütləvi dava olub. 
Unikal.org-un "lenta.ru"ya istinadən verdiyi məlumata görə, hadisə Rusiyanın Belqorod vilayətinin Starıy Oskol şəhərində baş verib. Davanın Çeçenistan Respublikasından olan idmançı tərəfindən başladıldığı deyilir.
Yarışda məğlub olan idmançı dağıstanlı rəqibinə hücum edib, sonra nümayəndə heyətləri və azarkeşlər də davaya qoşulub. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
 Dava iştirakçılarından biri silahlı olub. Rusiya Daxili İşlər Nazirliyi Belqorod vilayəti üzrə İdarəsinin mətbuat katibi Aleksey Qonçaruk yarış salonuna silah keçirilməsi faktının araşdırılacağını bildirib. O, hadisəni törədən idmançının kimliyini açıqlamaqdan imtina etsə də, həmin şəxsin Çeçenistan təmsilçisi Bekxan Ependiyev olduğu ehtimal edilir.
 Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili isə dava təşəbbüskarının ömürlük diskvalifikasiya oluna biləcəyini bildirib.