“Əli Kərimli Elçibəyin zəhərlənməsi iddiasından faydalanmağa başlayıb”
12:57 29-08-2012
CƏMİYYƏT
“Əli Kərimli Elçibəyin zəhərlənməsi iddiasından faydalanmağa başlayıb”
“Bütün bunlar Əli Kərimli və onun ətrafındakıların seçki kampaniyasının bir elementidir”.
Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsi nəticəsində dünyasını dəyişməsi iddiası ilə qaldırılan cinayət işinə münasibət bildirib. O,qeyd edib ki, Bakı şəhər prokurorluğu tərəfindən keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsi faktı ilə əlaqədar cinayət işinin açılmasında qeyri-adi heç nə yoxdur.
Eləcə də, bunu siyasi sifariş kimi qiymətləndirmək cəhdi cəfəngiyyatdan başqa bir şey deyil. İstənilən vətəndaşla əlaqədar onun həyatına qəsdlə bağlı iddia qaldırıldıqda, ölümündən sonra belə, hüquq-mühafizə orqanının müvafiq təhqiqat aparması onun vəzifəsidir. Söhbət törədilmiş və ya törədilməsi güman edilən cinayət faktının araşdırılmasından gedir. İndiki halda isə haqqında cinayət törədilməsi güman edilən şəxs keçmiş prezidentdir, deməli, faktın özü və onun araşdırılması böyük ictimai maraq kəsb edir. Ümumiyyətlə isə, qeyd etdiyim kimi, istənilən vətəndaşla əlaqədar müvafiq iddia da mütləq şəkildə araşdırma obyekti olmalıdır. Açığını deyim, müxalifətin keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsi və nəticədə həyatının dəyişməsi iddiası əsasında cinayət işinin açılmasına reaksiyası, yumşaq desək, adekvat sayıla bilməz. Belə çıxır ki, prokurorluq Elçibəyin zəhərlənmə nəticəsində həyatını dəyişməsi barədə edilən rəsmi müraciətə baxmalı deyilmiş. Deməli, müxalifət törədilməsi güman edilən cinayətin açılmasında və ya qaldırılmış iddiaya aydınlıq qətirilməsində maraqlı deyil və prokurorluğu da cinayəti ört-basdır etməyə təhrik etməyə çalışır. Belə başa düşürəm ki, müxalifət üçün hüquq çərçivəsində fəaliyyət anlayışı mövcud deyil. Görünür, onlar hüquq müstəvisindən kənarda fəaliyyət göstərmək vərdişlərini unutmayıblar, ya da unutmaq fikrində deyillər.
Məsələnin mahiyyətinə gəldikdə, onu da demək istəyirəm ki, keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənmə nəticəsində həyatını dəyişməsi ilə bağlı iddialar yeni deyil. Elə bir neçə il bundan əvvələ aid müxalifət mətbuatını götürüb vərəqləsəniz, həmin iddiaların onların özlərinə məxsus olduğuna inana bilərsiniz. Ancaq əvvəllər söhbət yalnız mətbuat səhifəsində yer alan gümanlardan gedirdisə, indi vəziyyət hüquqi araşdırma tələb edən həddə çatıb. Yəni, rəsmi şəkildə prokurorluq orqanları qarşısında Əbülfəz Elçibəyin zəhərlənməsi və nəticədə həyatını dəyişməsi ilə əlaqədar iddia qaldırılıb. Prokurorluq buna reaksiya verməyə bilməz.
O,bu məsələnin son günlər siyasiləşməsinə də sərt münasibət bildirib:-“ Dediyim kimi, sözügedən məsələ ilə əlaqədar olaraq müxalifətin davranışını adekvat hesab etmək mümkün deyil. Bu sözləri xüsusilə Əli Kərimli və onun komandasına şamil etmək lazım gəlir. Adamın yadına yalançının başında əmmaməsinin yanması lətifəsi düşür. Müasir Müsavat partiyasının sədri tərəfindən qaldırılan iddia və müraciət əsasında Bakı şəhər prokurorluğu keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsi faktı ilə cinayət işi qaldırıb. İndiki halda söhbət mərhum Elçibəyin zəhərlənmə nəticəsində ölməsi faktının araşdırılmasından gedir. Əgər bu fakt öz təsdiqini tapsa, ondan sonra zəhərlənmənin kim tərəfindən həyata keçirilməsi araşdırma obyektinə çevriləcək. Amma nədənsə Əli Kərimli artıq indidən narahat olmağa başlayıb. Mən bunu anormal hesab edirəm. Həm də hüquq-mühafizə orqanlarına qarşı müxalifətə məxsus təzyiq sayıram. Yəqin onlar qabaqdangəlmişlik edirlər ki, gələcəkdə nələrsə təsdiq olunanda, hay-küy qaldırsınlar ki, bəs biz deyirdik ki, nəticə necə olacaq. Bunun özü də istintaqa təzyiq və ya onun nəticələrinə etimadsızlıq yaratmaqdan ibarət olan hüquqpozmasıdır. Onu da istisna etmirəm ki, bütün bunlar Əli Kərimli və onun ətrafındakıların seçki kampaniyasının bir elementidir. 2013-cü ilə çox qalmayıb. Müxalifət düşərgəsində vahid namizəd müzakirələri aparılmaqdadır. Elçibəyin zəhərlənməsi iddiası əsasında qaldırılmış cinayət işindən Əli Kərimli artıq faydalanmağa başlayıb, özünü müxalifətin lideri və vahid namizədi kimi təqdim edir. Ayrı-ayrı adamları özünün müdafiəsinə qaldırmaqla onları indidən gələcək seçki kampaniyasına cəlb etməyə çalışır. Səhv etmirəmsə, qədim Roma hüququndan qalma prinsip var: bu kimə faydalıdır. Ə. Elçibəyin zəhərlənməsi ilə əlaqədar irəli sürülən iddia və onun əsasında qaldırılan cinayət işindən siyasi divident qazanmaq istəyən yeganə şəxs, mətbuatı diqqətlə izləsəniz görərsiniz ki, yalnız Əli Kərimlidir.
Müxalifət mətbuatında müzakirələrin Hafiz Hacıyevin şəxsiyyəti üzərinə istiqamətləndirilməsi, əslində diqqəti məsələnin mahiyyətindən yayındırmaq cəhdidir. O ki qaldı Hafiz Hacıyevin kimə daha çox yaxın olması məsələsinə, qeyd etməliyəm ki, Hafiz Hacıyev Xalq Cəbhəsinin hakimiyyəti zamanı məsul vəzifə tutmuş şəxs olub. Əli Kərimli, İsa Qəmbər və digərləri Hafiz Hacıyevlə bir komandanın üzvü olublar. Onlar bir-birinin sirlərinə yaxından bələddirlər. Hafiz Hacıyev Yeni Azərbaycan Partiyası hakimiyyətində təmsil olunmayıb, bizim komandanın üzvü deyil. Əgər diqqət yetirsəniz görərsiniz ki, Hafiz Hacıyev öz keçmiş komanda yoldaşları ilə yanaşı, bizim hakimiyyəti də ən kəskin şəkildə tənqid edir. Belə çıxır ki, Hafiz Hacıyev hakimiyyəti, hakimiyyətdə təmsil olunan ayrı-ayrı adamları tənqid edəndə, bir çox halda hətta böhtan atanda obyektiv adam olur, ondan müxalifət mətbuatında sitatlar gətirilir, ona afərin deyilir, amma müxalifəti tənqid edəndə, ona hakimiyyətin adamı “damğası” vurulur. Belə yanaşmanın adı Azərbaycanda hər kəsə yaxşı bəlli olan ikili standartlardır. Müxalifətə insanların və onların fikirlərinin hakimi olmaq haqqı verilməyib. Heç kimə belə haqq verilməyib. Hafiz Hacıyevin bu gün nə şəxsiyyətindən, nə də hansı tərəfdə olmasından söhbət getmir. Söhbət onun rəsmi şəkildə prokurorluq orqanları qarşısında qaldırdığı iddianın həqiqət və ya qeyri-həqiqət olmasını araşdırmaqdan ibarətdir. Müxalifətin məsələ ilə əlaqədar əsəbi reaksiyası sadəcə olaraq şübhələri bir az da artırır”.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06