Bu gün Ermənistan tərəfindən Azərbaycanın Laçın rayonunun işğal edilməsindən 24 il ötür.
Unikal.org-un məlumatına görə, 1992-ci il mayın 18-də erməni işğalçılar rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var.
Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb.
1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib