Təhsil Nazirliyində müdhiş dərslik skandalı
12:14 30-08-2012
İQTİSADİYYAT
Təhsil Nazirliyində müdhiş dərslik skandalı
"Çaşıoğlu" nəşriyyatı Misir Mərdanovu çətin vəziyyətdə qoydu
Təhsil Nazirliyində yeni və misli görünməmiş skandal yaşanıb. Skandal mətbuata sızmasa da, ağır nəticələrə gətirib çıxara bilərmiş. Belə ki, dərs ilinə həftələr qala, Misir Mərdanovun nazirliyinin yeni dərs ili üçün dərsliklərin çapını və ölkəboyu yayılmasını həyavta keçirə bilməmək kimi indiyədək misli görünməmiş problemi yaşanıb.
Bəs qalmaqala nə səbəb olub? Təhsil Nazirliyinə yaxın mənbələrin verdiyi məlumata görə, qalmaqalın əsas iştirakçılarından biri "Çaşıoğlu" nəşriyyatı imiş: "Bu nəşriyyatın hazırladığı iki dərslik nazirliyin tenderindən qalib çıxa bilməyib. "Çaşıoğlu"na rəqib bir nəşriyyatın dərsliyi qalib elan olunub. Bundan sonra "Çaşıoğlu" dərslik tenderinin şəffaf aparılmadığını və qaliblərin başqa prinsiplərlə müəyyənləşdiyini iddia edib. Həmin iddia çox keçmədən hüquqi müstəviyə daşınıb və məhkəməyə müraciət olunub".
Bundan sonra "Çaşıoğlu"nun şikayətçi olduğu və Dərslikləri Qiymətləndirmə Şurasından "uğurla keçdiyi" bildirilən dərsliyin yenidən tenderdən keçirilməsi üçün Satınalmalar üzrə Dövlət Agentliyinə göndərilir. Bu arada prosesə Maliyyə və İqtisadi İnkişaf nazirlikləri də qoşulur və onların hər hansı birinin müsbət rəyi olmadan qalmaqallı dərsliyin tenderdə birinci elan olunması mümkünsüzə çevrilir".
Üstəlik, həmin vaxt təhsil naziri Misir Mərdanovun ölkədə olmaması və məzuniyyət üçün xaricə getməsi durumu daha da kritikləşdirir. Qalmaqala yalnız daha yuxarı dairələrin müdaxiləsindən sonra son qoyulur və ilk dəfə qalib elan olunan və "Çaşıoğlu"nun narazı qaldığı dərsliyin çapına başlanır.
Hazırda problem ətrafında nisbi sakitlik yaransa da, artıq Təhsil Nazirliyində dərslik tenderlərinin qeyri-şəffaf aparılması ilə bağlı qənaətlər xeyli möhkəmlənib. Hətta bəzi iddialara görə, bu qənaətlərin reallıqla nə qədər örtüşdüyünü müəyyənləşdirmək üçün yoxlamalara başlanıb. Yoxlamaların prokurorluq orqanları tərəfindən aparıldığı barədə bilgilər var, amma həmin bilgiləri dəqiqləşdirməyimiz mümkün olmadı.
Ümumiyyətlə isə dərslik sahəsində Təhsil Nazirliyinin qeyri-peşəkar, özbaşına və korrupsiya şübhələri ilə zəngin bir mühit yaratdığı hamıya məlumdur. Bu haqda daha təfsilatı ilə danışmaq yerinə sözü tanınmış təhsil eksperti Əlövsət Osmanlının bir müddət əvvəlki açıqlamalarına vermək daha doğru olardı: "Mövcud qaydalara görə, dərslik çap olunursa (hətta kitabda səhv olsa belə) 4 il istifadə olunmalıdır. Dərsliklərdə vaxtilə aşkarladığım səhvlər indi də var. Mən hətta onları Təhsil Nazirliyinə təqdim etdim. Dedim ki, gəlin, bu səhvləri düzəldək. Kitabça şəklində "Dərslik problemlərimiz" adı ilə məktəblərə göndərək, müəllimlər bundan gələcək illərdə istifadə etsinlər. Onlar bunu da etmədilər. İndiki kitablara heç baxmaq istəmirəm. Elə səhifə yoxdur ki, orada ən azı 2-3 ciddi səhv olmasın. Mən bu kitabları yazan adamların nəyə qadir olduqlarını yaxşı bilirəm. Onların yazdıqları nə olacaq?!
...Dərsliklərlə bağlı Adolf Hitlerin belə sözü var: "Dərsliklərə nəzarəti mənə verin, dövlətə nəzarət edim". Demək, dərsliklə şəxsiyyət, qəhrəman, yaltaq və s. yetişdirmək olar. Əgər dərsliklərimizdə bu qədər səhvlər varsa, gələcək şəxslərin mükəmməliyinə təminat vermək olarmı? Qətiyən ola bilməz. Ona görə də, dərslik məsələsinə ciddi yanaşmaq lazımdır. Təəssüflər olsun ki, Təhsil Nazirliyi çox biabırçı dərsliklər çap edir və həmin dərsliklərlə gələcəyimizi, övladlarımızı yetişdiririk.
Ümumiyyətlə, Təhsil Nazirliyində oturan bəzi şəxslər deyirlər ki, dərsliyə bu qədər önəm vermək lazım deyil. Dərslik məktəbdə müəllimə metodik istiqamət vermək üçündür. Çox gülünc fikirlərdir. Hətta misal gətirirlər ki, Kanada məktəblərində dərslik yoxdur.Bəli, Kanadada, Almaniyada, İngiltərədə, ABŞ-da və digər ölkələrdə dərsliyə o qədərdə önəm verilmir. Orada əyani resurslar, multimedia proqramları var, dərsliyə ehtiyac belə yoxdur. Şagird proseslərin hamısını ekranda açıq-aydın görür və belə olan halda dərsliyə ehtiyac qalmır. Bizim indiki iqtisadi vəziyyətimiz belədir ki, bilikləri şagirdlərə ötürmək üçün əlimizdə olan yeganə vəsait dərslikdir. Əgər iqtisadi imkanlarımız artarsa və gələcəkdə o resurslar olarsa, bəli, dərsliyə o qədər ehtiyac qalmaz. Həmin adamlar əməllərini malalamaq üçün bu cür fikirlərdən istifadə edirlər, güya dərslik elə-belə şeydir. Dərslik təhsilin məzmununun bir nömrəli daşıyıcısı və şəxsiyyəti yetişdirmək üçün yeganə resurslardan biridir.
Təəssüflər olsun ki, bu gün bizim məktəblərdə təlim-tərbiyyə yüksək səviyyədə deyil. Bunların təməlində təhsil dayanır. Biz insan kapitalından danışırıq, insan kapitalının əsasını şəxsiyyət təşkil edir, şəxsiyyəti isə məktəb yetişdirir. Biz insan kapitalını yetişdirmək üçün məktəbdən başlamalıyıq. Mənim iradım Təhsil Nazirliyinə bununla bağlıdır. İndi Azərbaycanda təhsil sistemi düzgün qurulmayıb və ona görə də istənilən nəticəni gözləmək olmur".
Vəssalam! Əlavə şərhə ehtiyac varmı?
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00