Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniyanın Berqhof Fondunun Qafqaz üzrə proqram direktoru Oliver Vollehi qəbul edib.
Unikal.org xəbər veirr ki, görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövcud vəziyyət, bu münaqişədən əziyyət çəkən dinc insanların - qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli sahəsində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlar və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu sahədə həyata keçirilən layihələri daim diqqətdə saxlayır.
Dövlət Komitəsinin sədri alman humanitar təşkilatlarının ölkəmizdəki fəaliyyətinin, xüsusən, məcburi köçkünlərlə bağlı həyata keçirdiyi layihələrin məmnunluq doğurduğunu qeyd edib.
Qonaqlar səmimi qəbula görə təşəkkür bildirib, Berqhof Fondunun Qafqazda, o cümlədən Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat veriblər.
Görüşdə Fondun məcburi köçkünlərlə bağlı olan "Tarix və yaddaş - dialoq üçün əsas kimi layihəsinin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.