Ötən həftənin şənbə günü dünyanın bir çox ölkələrindən masonlar Bakıya toplaşıblar.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, məqsəd yerli mason təşkilatının-Azərbaycan Böyük Milli Lojasının Onuncu Assambleyasında iştirak etməkdir. Assambleya paytaxtın beşulduzlu otellərindən birində keçirilir. Bu mason lojasının 10 il əvvəl Rusiya Böyük Lojası tərəfindən yaradıldığı, Azərbaycanın bir sıra nüfuzlu şəxslərinin, iri biznesmenlərinin və o cümldən yüksək vəzifəli məmurlarının orada təmsil olunduğu bildirilir.
Lakin Bakıdakı mason sammiti ətrafında müəmmalı hadisələr baş verməkdədir. Belə ki, sammitə qatılmaq üçün gələn Rusiya masonlarının nümayəndə heyəti bu yubiley mərasimində nəyə görəsə iştirak etməyiblər.
Belə ki, Rusiya Böyük Lojasının Böyük magistri, prezidentliyə eks-namizəd, politoloq Andrey Boqdanov assambleyanın keçirildiyi saatlarında Bakı bulvarında gəzərkən görünüb. Vesti.az Boqdanovla əlaqə saxlayıb, amma o situasiyanı şərh etmək istəməyib. Bundan əvvəl Boqdanov yerli mətbuata açıqlamasında bildirmişdi ki, 10 ildir hər il bu vaxtlarda Bakıya gəlir. Çünki Azərbaycan Böyük Milli Lojasının Assambleyasında iştirak edir.