Xəzər TV-nin aparıcısı Fira Cəlilovanın yeni layihəsi olan "Əlimin duzu proqramının çəkiliş zamanı mübahisə yaranıb.
Unikal.org xəbər verir ki, aparıcı proqramın formatına uyğun olaraq qonaqla (reper Qurd) birgə "Bizim Market şəbəkəsində bazarlıq edib.
Daha sonra marketin Köhnə Günəşli qəsəbəsindəki işçiləri çəkiliş heyətinə hücum edib. Belə ki, bir nəfər layihənin operatoru Elnur Əsgərovun kamerasını almağa çalışıb.Market nümayəndələri mübahisəni lentə alan Fira Cəlilovanın əlindən vuraraq telefonunu almaq istəyiblər.
Aparıcı instaqramda video paylaşaraq işçilərin çəkiliş heyətinin avtomobilinin qarşısını da kəsdiyini qeyd edib.
O, "Qafqazinfoya hadisənin təfərrüatını danışıb: "Qonağımız reper Qurdla marketdə 10-15 dəqiqə alış-veriş etdik və bizə heç kəs yaxınlaşıb demədi ki, çəkiliş qadağandır. Biz dəfələrlə digər marketlərdə də işimizlə bağlı olmuşuq.
Bir də gördüm ki, operatorun əlindən kameranı almaq istəyirlər, mübahisə böyüyür. İşçilər bəzi görüntülərin silinməyini tələb etdilər. Mən də cavab verdim ki, cəmi su və meyvə bölməsində olmuşuq. Meyvədə nə problem? Düşünürəm ki, suyun qiymətində süni artım olub, onun üçün belə təşvişə düşüblər.
"Bizim market şəbəkəsi isə məsələni araşdırıb aparıcının ittihamlarına cavab verəcəklərini qeyd ediblər.