Azad Azərbaycan Televiziyasının (ATV) nin efirində yayımlanan "Oralar verilişinin ilk buraxılışında Osmanlı tarixi ilə bağlı yol verilən yanlışlıq ciddi narazılığa səbəb olub. Verilişin əsas aparıcısı Azər Qərib ilk səfərini Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə edib. Zaqrebin tarixi abidələri haqqında məlumat verərkən şəhərin mərkəzində yerləşən "Lotur Şərq qülləsinin tarixindən də söhbət açır. Bu zaman aparıcı bildirib ki, "Osmanlı hökmdarı Sultan Süleyman Zaqreb şəhərini mühasirəyə alarkən burda yemək yediyi vaxta atılan top onun masasının üstünə düşüb.Bundan sonra Sultan Süleyman qoşunlarını götürüb və geri dönüb .
Unikal.org bizimyol.info-ya istinadən xəbər verir ki, məhz belə bir faktın Osmanlı tarixində olmaması, eyni zamanda Osmanlı sultanını belə cılız faktla aşağılaması, aparıcının öz təxəyyülünün məhsulu olan uydurma məsələni verilişdə dilə gətirməsi Türkiyə tərəfində də ciddi narazılıq yaradıb. Hazırda ölkəmizdə yaşayan türk vətəndaşları qardaş ölkənin televiziya izləyicisinə belə yanlış məlumatın çatdırılmasından təəssüf hissi keçirdiklərini vurğulayıblar.
Həmçinin Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər, tarixçilər, millət vəkilləri Osmanlı dönəminin araşdırmaçıları da məsələdən xəbər tutub və bu biabırçı səhvi pisləyiblər.
Onlar bir yerə yığışaraq verilişdə yol verilən kobud səhvlə bağlı verilişin bağlanması üçün imza toplama kampaniyasını həyata keçirməyə başlayıblar. Eyni zamanda məsələ ilə bağlı şikayət məktubu hazırlayaraq "ATV kanalının rəhbərliyinə göndəriblər.
Bu arada qeyd edək ki, orta əsrlər Türk tarixi tədqiqatçısı Əkbər Nəcəf də aparıcının yol verdiyi yanlışlığa tarixi faktlarla cavab verib. O qeyd edib ki, televiziya kanallarının birində yayımlanan turistik-səyahət xarakterli bir verilişdə guya Osmanlı hökmdarı Sultan Süleymanın Zaqreb səfəri əsnasında qaladan atılan bir top "Sultan Süleymanın yemək yediyi vaxt onun masasına düşmüş və bu hadisə sultanın ordusunu toplayıb bölgədən ayrılmasına səbəb olmuşdur şəklində səsləndirilən məlumat tamamilə uydurmadan ibarətdir: "Bu, heç bir tarixi və elmi əsası olmayan fikir nəinki doğrudur, ümumiyyətlə səsləndirilən məlumatda yer alan fikirlər belə elmi obyektviliyə tamamilə ziddir.
Birincisi, verilişin aparıcısı bilməlidir ki, Sultan Süleyman daxil Osmanlılarda yeməklər masada yeyilmirdi. Ümumiyyətlə, yemək məqsədi ilə Osmanlı sarayında masa mədəniyyəti Qanuni Sultan Süleymandan çox sonrakı dövrlərdə baş verib.
İkincisi, heç bir hökmdar özünün ordugahını və xüsusilə də padişah çadırını düşmən ordularının atış mənzili içində qurmurdu. Ordugah və padişah çadırının yerinin seçilməsi ciddi hərbi və strateji hadisə olub, hələ hərbi səfərlər başlamadan əvvəl aparılan geniş hazırlıq planları nəticəsində müəyyənləşdirilirdi.
Üçüncüsü, həmin dövrlərdə müharibələrdə istifadə edilən toplar partlayıcı xüsusiyyətləri daşımayıb, dağıdıcı funksiyasını icra edirdilər. Əgər verilişdə iddia edildiyi kimi padşahın masasına bir top qülləsi düşmüşdüsə, o zaman həmin topun düşdüyü yerdə 3-4 metirlik çuxur meydana gətirməsi və ətrafındakıları parçalayıb dağıtması lazım idi. Belə bir hadisə baş versəydi, o zamanı Sultan Süleymanın xilas olması ancaq mözücə ola bilərdi.
Dördüncüsü, verilişin aparıcısının iddia etdiyi tərzdə "həmin tarixdən bu günə qədər bu hadisənin şərəfinə qaladan gündə bir dəfə top atışının edilməsi fikri də həqiqətdən uzaqdır. Bilinməlidir ki, həmin dövrlərdə toplardan ancaq hərbi məqsədlərlə istifadə edilirdi. Belə ki, XVIII əsrin sonlarına qədər toplar birdən artıq istifadəyə yararsızdılar. Çünki, bürünc və dəmirdən tökülən toplar çox vaxt parçalanıb sıradan çıxırdı. Üstəlik mənzili uzun olan toplardan qorxutmaq məqsədi ilə sadəcə bir və ya iki dəfə atəş edilirdi. Bu da bir silah kimi topların hələ o dövrdə təkmilləşmədiyini deməyə əsas verir. Əgər bu hadisənin şərəfinə hər gün Zaqreb qalasında top atışı edilsəydi, bunun üçün həmin tarixdə zaqreblilərin ildə yüzlərlə top istehsal edilməsinə ehtiyac yaranardı ki, bu da qeyri-mümkün bir hadisədir.
Tarixçinin bildirdiyinə görə, verlişin aparıcısı bilməlidir ki, ümumiyyətlə, Osmanlı tarixində Sultan Süleymanın Zaqrebə heç bir hərbi səfəri olmayıb: " Osmanlılar, sadəcə, Zaqrebin 50 km uzaqlığında yerləşən "Sisak qalasına qədər hərəkət edərək həmin qalanı ələ keçiriblər. Yəni Osmanlıların indiki Xorvatiya ərazisindəki hakimiyət sahəsi Sloveniya, Dalmaçiya və Krajina bölgələrini əhatə edirdi. Zaqreb isə alınan həmin ərazilərin kənarında qalıb. Üstəlik, həmin topraqlar da əsasən Sultan Süleymanın vəfatından sonra Telli Həsən Paşanın rəhbərliyindəki Osmanlı orduları tərəfindən 1593-cü ildə fəth edilib.
Məlumat üçün onu da qeyd edək ki, Sultan Süleymanın hərbi səfərləri əsnasında "topla bağlı bir hadisə Osmanlıların Sigetvar fəthində meydana gəlmiş və bu hadisənin də iddia edildiyi kimi Sultan Süleymanın çadırı və onun "yemək masası ilə heç bir əlaqəsi olmayıb. Belə ki, Sigetvar Sultan Süleymanın son hərbi səfəri olub. Bu səfər zamanı, Sultan Süleyman atından enib çadırına girdiyi sırada uzun mənzilli bir topdan edilən atəş Osmanlı əsgərlərinin üstünə düşmüş və bir neçə yeniçərinin ölməsinə səbəb olub. Buna baxmayaraq Sigetvar qalası Osmanlı orduları tərəfindən ələ keçrilib.
Nəticə etibarı ilə, bəzi televiziya kanallarındakı verilişlərdə və saytlarda yer alan yazılarda bu və buna oxşar mahiyyətlərdə verilən məlumatları mütləq tarixi hadisələrlə təsdiq etmək son dərəcə vacibdir. Əks halda, belə informasiyalar yalan və həqiqətdən uzaq iddiaların ortaya çıxmasına səbəb olur ki, bu da ancaq tamaşaçılara saxta məlumatların ötürülməsinə yol açır. Şübhəsiz, tarixdəki bütün hökmdarlar kimi Qanuni Sultan Süleymanın da tarixi kimliyi və fəaliyyətləri bütün tərəfləri ilə təhlil edilib, tənqid edilə bilər. Bu tarix elminin reallığıdır. Ancaq, tarixdə olmayan və heç bir reallığı əks etdirməyən məlumatları tarixi şəxsiyyətlərin adına calamaq və bunu tarixi məlumat kimi dilə gətirmək, elmi əxlaqdan uzaqlaşmaq mənasına gəlir.
Qeyd edək ki, verilişin videosunda sözügedən kadrlar 19:36 dəqiqədən başlayaraq, 19:56 qədər davam edir.