"Əli Kərimli ilə İsa Qəmbər arasında birlik olmayacaq"
12:54 31-08-2012
İQTİSADİYYAT
"Əli Kərimli ilə İsa Qəmbər arasında birlik olmayacaq"
"Mən həmişə demişəm ki, Əli Kərimovla İsa Qəmbərin bir yerdə olması, daimi müttəfiqliyi mümkün deyil. KİV-ə müsahibələrimdə də demişdim ki, bunların arasında birlik olmayacaq. Çünki bunlar üzdə bir-birinə guya mehriban olduqlarını göstərirlər, amma daxildə hər iki partiya arasında çox ciddi problemlər var".
Bunu açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, parlament seçkilərində vahid siyahı hazırlamaqda çətinlik çəkən iki partiyanın prezident seçkilərində vahid namizədlə çıxış etməsi mümkünsüzdür: "Onlar parlament seçkiləri zamanı ümumi siyahını müəyyənləşdirərkən aralarında nə qədər gərginlik var idi və bunu hamı görürdü, bilirdi. Bu səbəbdən də onlar heç vaxt biri digərinin namizədliyinə razı olmayacaq. Hətta vaxtilə prezident seçkilərində Əli Kərimov İsa Qəmbəri yox, Etibar Məmmədovu dəstəklədi. 2000-ci ildə, proporsional seçki sistemi mövcud olan dövrdə vahid siyahı tərtib etmək gündəmə gələndə də bir-birlərinə qarşı pozuculuq fəaliyyəti göstərdilər, müttəfiqlik alınmadı. İndi də beş-on adamın yığışdığı İctimai Palata dedikləri qurumun vahid namizəd olmayacaq. Guya bu qurum kiminsə, hansısa ziyalı adlandırılan şəxsin, yaxud İsa Qəmbərin namizədliyini dəstəkləyəcək, bu da qətiyyən olmayacaq". Bu arada aydın oldu ki, ADP İsa Qəmbərə dəstək vermək niyyətindədir. Azərbaycan Demokrat partiyası sədrinin müavini Taliyət Əliyev Müsavat başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində prezidentliyə namizəd olacağını bəyan etməsinə gələn reaksiyalara cavab verib.
Sədr müavini İsa Qəmbərin bu açıqlamasını "xəyanət" kimi dəyərləndirilməsinə etiraz edib: "Görəsən, İsa bəy prezidentliyə namizəd olacağını deməklə kimə xəyanət edib. Axı bu sözü Rəsul Quliyev, Əli Kərimli, Mirmahmud Ağa, İqbal Ağazadə və başqaları da ifadə edib. Məntiqlə prezidentliyə namizəd olacağını deyən bu şəxslər də "xəyanət" edib. Azərbaycan Respublikasının 56-cı maddəsinin 1-ci bəndində hər bir Azərbaycan Respublikasının vətəndaşının dövlət orqanlarına seçmək və seçilmək hüququ təsbit olunub. Konstitusion hüquqdan istifadəni "xəyanət" kimi dəyərləndirmə ancaq xəstə beynin məhsulu ola bilər. Bu yanaşmanı ancaq indiki hakimiyyətdən gözləmək olardı. O ki, qaldı bu məsələnin mənəvi tərəfinə, Azərbaycan xalqının qarşısında heç bir xüsusi xidmətləri olmayan şəxslər prezidentliyə namizədolmaq iddiası ilə çıxış etməyə mənəvi haqqı olduğunu deyirsə, Azərbaycanın Xalq Hərəkatı liderlərinin öncüllərindən olan, Azərbaycanın müstəqilliyinə imza atan, ölkənin birinci və ikinci şəxsi olan, ölkəmizin azad, firavan və demokratikliyi uğrunda hər cür məhrumiyyətlərə məruz qalan, ölkənin aparıcı müxalifət partiyalarından olan Müsavat Partiyasının Başqanı İsa Qəmbərin prezidentliyə namizəd olacağını deməsinə mənəvi haqqı yoxmu? Çox qərəzli və anormal yanaşmadır. Bizim hansısa liderdən xoşumuz gəlməyə bilər, amma bu o demək deyil ki, biz həmin lider haqqında danışanda ədalət hissimizi itirək. Ədalətsiz olaraq kimsədən ədalətli qərar gözləməyimiz nə qədər məntiqə nə də əxlaqa uyğun deyil. Mən hesab edirəm ki, 2013-cü il prezident seçkiləri ilə bağlı bizim prezidentliyə namizəd problemimiz yoxdur, namizədlər çoxdur, hər partiyanın öz namizədi var, Müsavat Partiyasının da namizədi İsa Qəmbərdir. Bizim problemimiz VAHİD NAMİZƏD və VAHİD KOMANDA problemidir. Səylərimizi bu istiqamətə yönəltsək daha yaxşı olar. Bunu bacaracağıqsa nəyəsə ümid etmək olar. Əks halda hansı lider namizəd olursa-olsun məğlubiyyət qaçılmazdır!"
"İctimai Palatanın prezidentliyə vahid namizədinin müəyyənləşdirilməsi üçün tərəflərin razılığının olması zəruridir. İddiaçı şəxslər bir-birinə güzəştə gedəcəksə, təbii ki, bu proses problemsiz keçəcək. Ancaq hər bir siyasi lideri də başa düşmək olar. Onların hər birinin öz komandası var, hər biri ayrıca siyasi partiyanın lideridir". Bunu isə açıqlamasında İctimai Palatanın (İP) üzvü, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.
O bildirib əvvəlki seçkilərdə də müxalifət özünün vahid namizədini müəyyənləşdirə bilməyib: "Xatırlayırsınızsa, demokratik düşərgənin iştirak etdiyi sonuncu - 2003-cü il prezident seçkilərində bütün iddialı namizədlər bu və ya şəkildə seçki kampaniyasında bilavasitə, yaxud başqa namizədi müdafiə etməklə iştirak edirdilər. Bununla belə, əsas namizədin kim olduğu həm siyasi qüvvələrə, həm cəmiyyətə məlum idi. Biz düşünürük ki, bu dəfə də İsa Qəmbərin vahid namizəd olması alınmasa - hansı ki, biz bunun üçün ciddi səylər göstərmək niyyətindəyik və bunun baş tutmasına ümid edirik - yenə də müxalifətin əsas namizədi o olacaq". Vahid namizədin İP-də səsvermə, yaxud digər üsulla müəyyənləşdirilməsinə gəlincə, A. Hacılı detallı şəkildə danışmaq istəmədiyini bildirib: "Ümumilikdə hesab edirəm ki, İsa Qəmbərin bu gün müxalifətin vahid namizədi olması şansı digər şəxslərdən müqayisə olunmaz dərəcədə yüksəkdir".
Fuad
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00