"Qayınanam mənə həm ananı, həm də atanı əvəz edib. Onunla rəfiqəyəm".
Unikal.org xəbər verir ki, bu sözləri əməkdar artist Dilarə Əliyeva Milli.Az-a müsahibəsi zamanı deyib.
Həm şəxsi, həm iş həyatından danışan aktrisa sənətə gəlişindən söz açıb:
- Mən universitetdə teatr rejissorluğu fakültəsini bitirmişəm. Düşünürdüm ki, evdəkilər mənim birbaşa aktrisa olmağımı istəmirlər. 1-ci kursda oxuyanda rejissor Elçin Musaoğlu məni gördü, "Leyli və Məcnun" filmində Leyli obrazına dəvət etdi. Nədənsə hamı məni səhnədə görmək istəyirdi. İlk təklifdə mən bundan imtina etdim. Obrazdan imtina etdiyimi atama deyəndə o, mənə dedi ki, hər bir aktrisanın arzuladığı obrazdan necə imtina edə bilərsən? Kor-peşman oldum (gülür). Bundan sonra düşündüm ki, evdəkilər mənim aktrisa olmağıma qarşı deyillər.
- Dilarə xanım, son illər çəkilən filmlərin baxımlı olmasının səbəbi orada çəkilən tanınmış simalardır, yoxsa ssenarinin zənginliyi?
- Tamaşaçı sevilən simaya bədii əsərdə baxmağı daha çox xoşlayır. Bundan əlavə ssenari də özünü doğrultmalıdır. Amma bəzən sevilən simalar ssenari zəifliyindən tamaşaçısını itirə də bilir. Hər halda düşünürəm ki, hekayə maraqlıdırsa, aktyor onu yaxşı təqdim edə bilirsə, nə xoş tamaşaçının halına, nə xoş bizim halımıza.
- Uşaqlığınız necə keçib? Nələri xatırlayırsınız?
- Ailədə 4 uşaq olmuşuq, çox ciddi qanunlar altında böyümüşük. Anam bizə qarşı çox ciddi idi. Mən azadlığı sevən insanam, bəzən üsyanlar qaldırırdım. Rəfiqəmə həsəd aparırdım ki, heç onun anası işlərinə müdaxilə etmir (gülür). Atamı daha çox sevirdim, çünki mənimlə heç bir işi yox idi. Ailə həyatı qurandan sonra anamın münasibəti mənə qarşı çox dəyişdi. Mən çox erkən, 18 yaşımda ailə həyatı qurmuşam.
- Niyə belə erkən ailə həyatı qurdunuz?
- Mən Oqtayla tanış olanda onun diqqəti, sənətimə olan hörməti məni özünə o qədər cəlb etdi ki, ona inandım. Nəinki inandım, güvəndim, sevdim. Mən başa düşdüm ki, belə daha rahat yaşayacağam. Oqtay mənə həm sənətdə, həm də ailədə çox böyük dəstəkdir. O, mənim bu dünyada yeganə güvənə bildiyim insandır. Bu cür xarakterdə insan hər bir qadının arzusu ola bilər.
- Ola bilməz ki, Oqtay bəy sizi qısqanmasın?
- Ola bilsin ki, qısqanır, o, bunu da mənə açıq-aşkar göstərmir. Oqtayın məni qısqanması üçün şərait yaratmıram. Çünki biz, demək olar ki, 24 saat bir-birimizin yanındayıq. Əgər bizim nədənsə narazılığımız, fikir ayrılığımız düşürsə, bu da işlə bağlı olur.
- Dilarə xanım, əksər filmləriniz komik janrdadır. Təkcə "Cavid ömrü" filmindən başqa. Bildiyimə görə, Müşkünaz xanım roluna sizdən savayı digər aktrisalar da dəvət olunub. Niyə məhz rejissor sizin üzərinizdə dayandı?
- Bu filmi rejissor Ramiz Həsənoğlu çəkib. Onunla bir çox ekran işlərində işləmişik. Mənə deyirdi ki, bu filmi çəksəm, səni Müşkünaz obrazına dəvət edəcəyəm. Düzdü bu obraza bir çox aktrisalar dəvət olundu, amma yaradıcı heyət mənim üzərimdə dayandı. Daha sonra "Sübhün səfiri" filmində də ciddi bir obrazda çəkildim. Onu da deyim ki, bu filmə mənimlə birlikdə qızım da çəkilib.
- Qızınızın sizin sənətinizi davam etdirməyini istərdiniz?
- Xeyr, o, indi kameralardan qaçır. Filmdə çəkilən qızım həvəsli deyil, amma balaca qızım çox həvəslidir. O deyir ki, aktrisa da olacağam, üstəlik müğənni də. Davamçımı gözləyin, gələcək (gülür). Onun həm də dəhşətli dərəcədə yumor hissi var. Düşünürəm ki, genlər böyük faktordur (gülür).
- Obraz baxımından hansı qadağalarınız var?
- Əlbəttə ki, qadağalarım var. Elə obrazlar var ki, onu mən oynamaram. Zərərli vərdişi olan bir qadın obrazı oynamaram. Bundan başqa açıq-saçıq səhnələrdə heç vaxt çəkilmərəm. Elə xarakterlər var ki, mənim üçün onları oynamaq heç də maraqlı deyil.
- Deyirlər ki, "Məhəllə" filmindəki tərəf müqabiliniz Rafael İskəndərovdan incimisiniz. Əgər incimisinizsə, buna səbəb nədir?
-Xeyr, bu şayiədir. Mən insanları başa düşürəm. O, məni qızının toyuna dəvət etməmişdi, bəlkə buna görə şayiə ediblər. Bizim Rafaellə dostluq münasibətimiz həmişə yaxşı olub.
- Ümumiyyətlə, həyatda küsülü olduğunuz insanlar var?
- Mən küsmürəm, ümumiyyətlə, o insanın varlığını birdəfəlik unuduram. Çünki qarşı tərəfə çox şans yaradıram ki, bəlkə səhvini başa düşər. Görürəm ki, yox! Yalandan riyakarlıq etməyi xoşlamıram. Münasibətimi onunla birdəfəlik kəsirəm.
- Qayınananızla münasibətiniz necədir?
- Mən 14 il qayınanamla birgə yaşamışam. Qayınanam o qədər məni çox istəyir ki, fikirləşirəm ki, mən onun qızıyam. O, mənə həm ananı, həm də atanı əvəz edib. Qayınanamla rəfiqəyəm. Hətta Oqtay bir az emosional olanda özünü qabağa verir, tərəfimi tutur. Filmdə deyir e, "Əhmədin anası hələ ölməyib ha" (gülür). O evdə hamı mənə qarşı çox gözəl münasibətdə olub. Bu cür atmosferdə mən onlardan necə narazı qalım?