"Nu poqodi" qadağan edilə bilər?
12:56 31-08-2012
CƏMİYYƏT
"Nu poqodi" qadağan edilə bilər?
SSRİ istehsalı olan ən məşhur cizgi filmlərindən olan "Nu poqodi" (Bir dayan) Rusiyada qadağan edilə bilər.
Rusiya mətbuatının verdiyi məlumata görə, buna səbəb cizgi filmində canavarın siqaretlə olan səhnələridir. Bundan başqa "timsah Gena" xarakterinin də siqaretlə olan səhnələrinin kəsilməsi planlaşdırılır.
Sentyabrın 1-dən "uşaqların sağlamlığına və inkişafına zərər vuracaq informasiyalardan qorunması haqqında" qanun qüvvəyə minir. Bu qanuna görə, "Nu poqodi" +18 yaş kateqoriyasına düşür və onları saat 23:00-dan sonra göstərmək olar. Bəzi məlumatlara görə, canavar və timsahın siqaret çəkən hissələri çıxarılacaq.
Ümumrusiya dövlət teleradio şirkətinin uşaq və gənclər studiyasının rəhbəri Tatyana Tsıvarevanın sözlərinə görə, onlar keç nəyi kəsmək haqqında düşünmürlər. "Bizim iki variantımız var - ya qanunu pozmaq, ya da cizgi filmini gecə saatlarında nümayiş etdirmək".
Bir çox beynəlxalq kinofestivalların qalibi olmuş kinorejissor Tahir Əliyevin sözlərinə görə, “Deyəsən, Rusiya cəmiyyəti XX əsrin birinci yarısında müşahidə olunmuş vulqar sosiolgizm ənənələrini yenidən bərpa etmək istəyir. Bildiyiniz kimi, vulıqar sosiologizmin tələblərinə görə, ədəbiyyat, teatr, kino, bir sözlə, bütün incəsənət yalnız və yalnız natural gerçəkliyə tabe olmalı, ölkənin siyasi reallıqlarının çərçivəsindən kənara çıxmamalı və dövlətin siyasətini dəqiq şəkildə canlandırmalıdır. “İncəsənət həyat üçündür” şüarı da elə buradan meydana çıxmışdı”.
Kinorejissorun fikrincə, “Belə olsa, onda gərək, dahi rejissorlar Fellini, Akira Kurosava, Mel Gibsonun filmlərini də qadağan edək. Belə olsa, ümumiyyətlə, bütün incəsənət növləri qadağan edilməlidir. İstənilən romanın hansısa qəhrəmanı siqaret çəkir və yaxud narkomaniyaya uyanları da var. Belə bayağı üsullarla cəmiyyəti tərbiyə etmək olmaz. Görünür, Rusiyadakı dövlət məmurları və parlamentariləri hələ də dərk etməyiblər ki, incəsənət, ümumiyyətlə, insanı tərbiyə etməklə məşğul olmur. İncəsənətin işi bu deyil”.
Tahir Əliyev bildirir ki, “Qardaş Türkiyədə də belə bir qanun layihəsi neçə illərdir ki, qüvvəyə minib. Onlar filmlərdəki siqaret problemini qəribə bir üsulla aradan qaldırıblar – siqaret təsvir edilmiş kiniokadrların üzərini loqotiplə örtməklə”.
Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, “Ümumiyyətlə kinofilmlərin, ümumən incəsənət əsərlərinin insan psixologiyasına təsiri və onu öz monopoliyasına götürüb-götürə bilməyəcəyi olduqca mürəkkəb bir məsələdir və birmənalı yanaşmanı qəbul etmir. Hazırda dünya psixoloqlarının əsas ümumi qənaəti bundan ibarətdir ki, şəxsiyyətin formalaşması və inkişaf tendensiyaları daha çox izahı hələ ki mümkünsüz görünən müəyyən proqram xarakterli ömür tərzi ilə bağlı olur. Yəni incəsənət əsərləri insanın psixologiyasının dəyişməsində önəmli rol oynamır”.
Psixoloqun sözlərinə görə, “Körpə uşaqlar imitasiyaya meylli olurlar. Fikir veribsinizmi, balaca qızlar zahirən anaları kimi görünməyə çalışır, özlərinə süni döş qoyur, ana rolunda çıxış edib kuklanın qayğısına qalırlar və s. Balaca oğlanlar isə özlərinə bığ qoymağa cəhd edir, yekə kişilər kimi görünməyə çalışırlar. Bu baxımdan yanaşanda uşaqlara kinofilmlərin təsiri, sözsüz ki, olur, amma bu təsir həlledici rola malik deyil. Təsəvvür edin ki, sözügedən qanun layihəsinə səs vermiş millət vəkili öz evində siqaret çəkməyə başlayanda artıq övladına imitasiya üçün konkret nümunə nümayiş etdirir. Nəticədə isə millət vəkili olan atanın çəkdiyi siqaretin uşaqda yaratdığı effekti minlərlə belə qanun layihəsi önləyə bilməz və onun qarşısını ala bilməz”.
Dəyanət Rzayevin sözlərinə görə, “Sağlam gənc nəsil yetişdirmək istəyən istənilən cəmiyyət çalışmalıdır ki, uşaqları birinci növbədə imitasiya nümunələrindən qoruya bilsin. İmitasiya həvəsini oyada bilən obyekt və hadisələr son dərəcədə yoluxdurucu enerjiyə malik olur, uşaqlar onun təsirində qurtula bilımirlər. Həm də imitasiya obyekti ilə təmas zamanı psixoloji effekt o qədər güclü olur ki, uşaqdan imitasiyanın səbəbini soruşsan, o heç bir izahat verə bilməyəcək. İmitasiya affekt halında, yəni qeyri-şüurlu vəziyyətdə baş verir. İraqın keçmiş diktatoru Səddam Hüseyn edam edildikdən sonra uşaqların etdikləri hərəkətlər yadınızdadırmi? Onlar ğözlərini Səddam kimi asanda öləcəklərini anlamırdılar. Sadəcə, dərk etmədən bu səhnəni yamsılayırdılar”.
Savalan
Digər Xəbərlər
2024-12-26 20:54:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12