ABŞ-da prezident seçkisi: Romni Obamanı üstələyə biləcəkmi?
13:50 01-09-2012
İQTİSADİYYAT
ABŞ-da prezident seçkisi: Romni Obamanı üstələyə biləcəkmi?
Ağ evin yeni sahibi olmağa iki namizəd haqqında bütün təfərrüatlar "Unikal"da!
Bu il noyabrın 6-da ABŞ-da sayca 57-ci prezident seçkisi keçiriləcək. ABŞ Demokrat Partiyasının 2012-ci ildə yeni namizəd ilərli sürməməsi, Demokrat Partiyanın bu dəfə ki, namizədinin də Barak Obama olmasını təmin edib.
Respublikaçıların ABŞ-ın ilk qaradərili prezidentinə qarşı rəqib kimi müəyyənləşdirdiyi şəxs isə Mitt Romnidir. O, avqustun 29-da Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə rəsmi namizədi statusu qazanıb.
ABŞ-da prezident seçkisi necə keçirilir?
ABŞ-da hər 10 ildən bir keçirilən əhalinin siyahıya alınması, sonuncu dəfə 2010-cu ildə keçirilmişdir. Belə siyahıya alınmaya əsasən hansı ştatın nə qədər nümayəndə vermək hüququ olduğu müəyyən edilir.
ABŞ-da prezident Seçkilərinin ən önəmli cəhəti hər bir ştatdan əldə olunan nəticənin, ümumi nəticədən üstün tutulmasıdır. Buna misal olaraq, 2000-ci ildə keçirilən seçkiləri göstərmək olar. Həmin seçkilərdə Corc Uoker Buş 50.456.002 onun rəqibi Albert Qor isə 50.999.897 seçinin səsini toplamışdır.
Ümumi seçkini Albert Qor qazansa da, 30 ştatda üstünlük əldə etmiş Corc Uoker Buş prezident seçilmişdir. Bu baxımdan ümumi say çoxluğundan daha çox, ayrı-ayrı ştatlarda üstünlük qazanmaq, namizədlər üçün daha önəmlidir.
ABŞ-ın ilk qaradərili
prezidenti uğuru
təkrarlaya biləcəkmi?
2012 prezident seçkilərində qələbəyə əsas namizəd hazırki Ağ ev sahibi Barak Obamadır. 4 avqust 1961-ci ildə Havay adalarında anadan olan Barak Hüseyn Obamanın qaradərili atasının adı da Barak Hüseyn Obama (ata), ağdərili anasının adı isə Stenli Enn Danhem olmuşdur. Keniyadan olan atası ilə Kanzasdan olan anası Havay Universitetində tanış olmuşlar. Bəzi məlumatlara görə atası müsəlmandır. Barak Obamanın müəllimləri,yaxınları da bunu təsdiq edir ki, Barak müsəlmandır.
Obama 1983-cü ildə Kolumbiya Universitetini bitirmiş və 1985-ci ildə Çikaqoya köçərək orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlamışdır. 1991-ci ildə Obama Harvard Hüquq Məktəbini bitirir. O, həm də Harvard Hüquq İcmalı jurnalının redaktoru olmuş ilk qaradərili amerikalıdır.
1992-ci ildə Barak Obama İllinoys VOTE (tərcüməsi - "səsvermə") layihəsinin direktoru olur. Növbəti il isə o, "Davis, Miner, Barnhill & Galland" firmasında vəkil olaraq səsvermə hüquqları və məşğulluq işləri üzrə ixtisaslaşır. Hazırda da o, bu firmanın məsləhətçisi olaraq qalmaqdadır.
1993-cü ildə Obama həmçinin Çikaqo Hüquq Universitetinin mühazirəçisi olur və indiyə kimi bu vəzifəni paralel olaraq icra etməkdədir. 1995-ci ildə onun "Atamdan xatirələr" adlı xatirə kitabı nəşr olunmuşdur.
1996-cı ildə Obamanın Senat karyerası start götürür. Həmin il Obama 13-cü dairədən İllinoys Ştat Senatına üzv seçilir. Bu dairədə əsasən yoxsul Cənubi Afrika zənciləri məskunlaşmışlar, lakin bir neçə zəngin məhəllə də vardır.
1997-2004-cü illərdə İllinoys Senatında xidmət etməzdən əvvəl mülki hüquqlar müvəkkili kimi təcrübədən keçir. 1992-2004-cü illərdə Çikaqo hüquq elmləri İnstitutunda konstitusiya hüququ fənnindən dərs demişdir.
Obama 2004-cü ildə özü də daxil olmaqla üç namizədin qoşulduğu seçkiləri 53% səslə udaraq Demokratlar partiyasından ABŞ Senatına seçilir və 2005-ci il yanvarın 4-dən senator fəaliyyətinə başlayır.
2008-ci il prezident seçkiləri zamanı Birləşmiş Ştatlar Prezidentliyinə namizəd göstərilən ilk afro-amerikalı olmuşdur. 2008-ci ilin noyabrın 4-də respublikaçı rəqibi Con Makkeynə qalib gələrək ABŞ-ın 44-cü prezidenti seçilmişdir.
2009-cu il üçün Nobel Sülh Mükafatı ona verilib. Obama "beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə" bu mükafata layiq görülüb.
Mişel Obama ilə evlidir, iki qızları vardır.
Ekspertlər Barak Obamanın builki seçkilərdə qələbəsini yüksək qiymətləndirir. Onların fikrincə, istər ilk qaradərili ABŞ prezidenti olması üzündən Amerika və dünyadakı populyarlığı, istərsə də ilk prezidentliyi dönəmində adının ciddi heç bir qalmaqala bulaşmaması, istər ötən müddətdə ABŞ-ın imicinin güclənməsi və dünyadakı nüfuzunun bərpası və yüksəlişi istiqamətində səyləri onun yenidən Ağ evin sahibinə çevrilməsini qaçılmaz edir.
Romninin ikinci cəhdi
Obamanın rəqibi - Uillard Mitt Romni 1947-ci il martın 12-də Miçiqan ştatının Detroyt şəhərində, "American Motors" korporasiyasının baş direktoru Corc Romninin ailəsində anadan olub. Üç dönəm Miçiqan şatının qubernatoru vəzifəsinə seçilmiş Corc Romni prezident Riçard Niksonun administrasiyasında şəhər inkişafı və tikinti naziri postunu tutub.
Mitt Romni özü də karyerasına biznes sektorundan başlayıb, "Bain Capital" investisiya şirkətinin qurucusu və rəhbəri olub (1984-2001). Dini inancı mormonizm olan, mormonların Brihem Yanq (Brigham Young University) və Harvard universitetlərindəki təhsilini humanitar elmlər bakalavrı, hüquq doktoru və işgüzar idarəçilik magistiri dərəcələri ilə bitirmiş Mitt Romni Son Günlərin Müqəddəsləri Kilsəsinin dini məhəllələr birliyinə də rəhbərlik edib.
Maraq üçün deyək ki, Mormonizm cərəyanının əsasını 1820-ci ildə ABŞ-ın Nyu-York ştatından olan gənc Cozef Smit qoyub. O, əsl xristianlığın və həqiqi kilsənin yer üzündən silindiyini, gerçək imanın bərpası missiyasını Allahın ona həvalə etdiyini deyərək Son Günlərin Müqəddəsləri Kilsəsini yaradıb. 1827-ci ildə Cozef Smit "mələklərin nişan verdiyi yerdən" qızıl vərəqələr tapdığını və o vərəqələrdəki bilgiləri dünyaya yaymaq tapşırığı aldığını elan edib. Bu bilgilər 1830-cu ildə "Mormonun kitabı" adı altında dərc olunub. Mormonlar onu "yer üzünün ən düzgün kitabı" hesab edir və inanırlar ki, "bu kitab insanı Allaha bütün başqa kitablardan daha çox yaxınlaşdırır".
Mitt Romni siyasətə 1994-cü ildə qatılıb - Massaçusets ştatının Senatına seçkilərdə iştirak edib və 7 milyon dollardan çox vəsait xərclədiyi bu kampaniyada rəqibi Ted Kennediyə məğlub olub. 2002-ci ildəki qubernator seçkis isə ona qələbə gətirib və beləliklə, Mitt Romni 2003-2007-ci illərdə Massaçusets ştatının qubernatoru vəzifəsində çalışıb.
2008-ci ildə keçirilmiş prezident seçkisində respublikaçıların namizədi olmaq uğrunda mübarizə aparıb, sonra mübarizədən çəkilərək Con Makkeynin namizədliyini dəstəkləyib.
Mitt Romni ailəlidir. 5 oğlu var.
Göründüyü kimi, bu dəfəki seçkilər Romninin prezidentliyə ikinci iddiasıdır, baxmayaraq ki, respublikaçı namizədin Obama qarşısında şansı elə də yüksək dəyərləndirilmir. Bununla belə, onun hazırki prezidentə ciddi başağrısı yaradacağı da böyük gözləntilərdəndir.
Eyni zamanda demokratik seçkilərin hər bir sürprizə açıq olmaq kimi bir tərəfi var. Orada hər şey seçki qutularının açılmasından sonra dəqiqləşir.
Odur ki, noyabrı gözləyək.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00