"İctimai Palata ancaq imic yaratmaqla məşğuldur"
13:53 01-09-2012
CƏMİYYƏT
"İctimai Palata ancaq imic yaratmaqla məşğuldur"
AXCP və Müsavat partiyasının arasında son günlər yaranmış məlum problemlə bağlı AXCP sədrinin müavini Razi Nurullayev Facebook profilində fikrini paylaşıb: "Bir sıra qəzet və elektron media vasitələrində mənim "APA"ya müsahibəmə müxtəlif cür başlıqlar seçilib və bu məsələdə gunteleqraf.az daha önə gedərək "Razi Nurullayev Müsavatı hədələdi" başlığını verib.
Aydınlıq gətirmək istəyirəm: mənim heç vaxt İsa Qəmbəri hədələmək ağlımdan belə keçməz. Ümumiyyətlə, hədə mənim təbiətimə ziddir. İsa bəy müxalifət liderlərindən biridir və bu cür başlıq vermək və bunu mənə yazmaq etikadan kənardır. AXCP-dən hələ heç kim Müsavat başqanına qarşı qeyri-adekvat hərəkət etməyib, onun xətrinə dəyəcək ifadə də işlətməyib. Bir sıra Müsavat üzvləri tərəfindən, AXCP sədrinə və rəhbərliyində təmsil olunan şəxslərə qarşı isə zaman-zaman, hətta aşırı ifadələr də işlədilib. Bunu problemə çevirməmişik. AXCP ittihamlara etika və siyasi mədəniyyət çərçivəsində cavab verib. Müsavat AXCP-nin müttəfiqidir və İsa Qəmbər AXCP-nin ən yaxın dostudur. Bu ifadəni biz açıq və qapalı toplantılarımızda tez-tez işlədirik və mən bunu çox səmimi deyirəm. Ümumiyyətlə, açıqlamamda yer alan "amma, bizim də səbrimizin həddi var" kəlməsi, müxalifətə yox, yaranan vəziyyətdən istifadə edib AXCP ilə Müsavatın arasını vurmaq istəyənlərə yönəlib. Əlbəttə, əgər sən 100 cümlə danışırsansa və ondan yalnız 20-si çapa gedirsə, çaşqınlığın yaranması labüddür.
Bəli, mən indidən namizədlik məsələsinin gündəmə gəlməsinin əleyhinəyəm. Çünki elə vəziyyət yaranır ki, müxalifətin bəzən nəzarətindən çıxır və müttəfiqlər arasında sıxıntılar yaranır. Buna da səbəb, görünür ki, Müsavatla AXCP-nin müttəfiq olmasını və İctimai Palata tərkibində 2013-cü ildə birgə iştirakı çoxlarını narahat edir. Məhz bunun üçün namizədlik məsələsi hələ ki gündəmə gəlməsə, bu çətin zamanı daha ağrısız yola verə bilərik.
Fikrimdə qalıram ki, əsas prioritet məsələ Əli Kərimlinin də dediyi kimi, hakimiyyət dəyişikliyinin olmasıdır. Qalan məsələlər ikinci dərəcəli işlərdir.
Mən siyasətə gələn zaman özüm üçün meyar müəyyən etmişdim. Jurnalistlərə "yox" deməmək və onlarla dostluq etmək. Amma dostluq da gərək qarşılıqlı olsun. Xahiş edirəm, əziz jurnalistlər, bizim dediyimizi yazın və icazə verin, öz yerimizə özümüz düşünək. Ümid edirəm ki, bir daha siyasətçiləri layiq olmadıqları durumlara salmayacaqsınız!"
Müstəqil politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, "hazırda bəzi mətbu orqanlarda müsavat partiyası ilə AXCP-nin təşəbbüsü əsasında yaradılmış İctimai Palataya, az qala, müxalifətin Məkkəsi kimi yanaşır, onu cəmiyyətin alternativsiz Məsihi hesab edirlər. Deməliyəm ki, Azərbaycan cəmiyyətində belə bir xəstəlik hələ də mövcuddur: başqalarının əvəzinə düşünmək və qiymət vermək mərəzi. İctimai Palata formalaşdığı gündən ancaq obraz, imic yaratmaqla məşğuldur və bundan uzağa gedə bilməyib. İndiyə qədər İctimai Palatanın hansı səmərəsini görmüşük ki, bundan sonar da onun mövcud olub-olmamasından əndişələnək? Bu baxımdan, İctimai Palata bu günə qədər Azərbaycan cəmiyyətində hansı "əzəmətli dəyişiklikləri" edə bilibsə, bundan sonra da bu "ənənə"sini davam etdirəcək. Ortalıqda çox sadə bir həqiqət var: konstitusiyaya görə, Azərbaycan dövləti çoxpartiyalı bir sistem qurub və deməli, ölkədə müxalifət də olmalıdır. Yəni kimlərsə, hansı siyasi partiyalarsa müxalifət funksiyasını öz üzərinə götürüb çörək pulu çıxartmalıdır. Axı Qərbdən Azərbaycana baxanlar düşünməlidirlər ki, bizdə də müxaliflər yaşayır və fəaliyyət göstərir!"
Politoloqun sözlərinə görə, "İctimai Palatanın yaradılmasının əsas təşəbbüskarları olan İsa Qəmbərlə Əli Kərimli heç vaxt ümummilli maraqlar naminə qol çırmalayıb bu cəmiyyət üçün iş görməyiblər. Ötən bu illər ərzində onlar ancaq şəxsi maraqlarını, siyasi kommersiya mənfəətlərini güdüblər və buna da azdan-çoxdan nail ola biliblər. Əgər Azərbaycan cəmiyyəti İsa Qəmbəri və yaxud Əli Kərimlini Ağatlı Oğlan kimi görürsə, ciddi şəkildə yanılır və bu görüntüdən doğan nəticələr artıq Azərbaycan cəmiyyətinin problemləri olacaq. Necə ki bu cəmiyyət son iyirmi ildə dəfələrlə belə illüziyalara qapılıb uğursuzluqlara düçar olubsa, indi də eyni bəhrəni görə bilər".
Son günlər AXCP ilə Müsavat arasında yaşanan gərginliyə toxunan Zərdüşt Əlizadənin sözlərinə əsasən, "Pis-yaxşı, ölkədə seçki qanunu mövcuddur və istənilən insan prezidentliyə namizədliyini irəlıi sürə bilər. Hesab edirəm ki, sözügedən qarşıdurma süni şəkildə yaradılıb və müəyyən maraqlara xidmət edir".
Natiq
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41