Bu ilin sonunadək Azərbaycanda 200 min ton xurma istehsal etmək planlaşdırılır. Bu, ötənilki göstəricini bir qədər üstələyəcək.
Unikal.org xəbər verir ki, bunu Trend-ə Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə heyətinin sədri Qədir Yusifov deyib.
Q.Yusifovun sözlərinə görə, ötən il xurma ixracı dövlət büdcəsinə 100 milyon dollar gəlir gətirib:
"Bu, kifayət qədər yaxşı nəticədir. İlin yekunlarına əsasən bu məbləğin sabit qalacağı gözlənilir. Bu, əsasən onunla əlaqədardırdır ki, məhsulun 90 faizə yaxını ölkə xaricinə, o cümlədən Rusiya, Belarus, Moldova, Baltikyanı ölkələr, Ukrayna və Qazaxıstana ixrac olunur. Eyni zamanda daxili bazarda xurmanın 10 faizi reallaşdırılır ki, bu da əhalinin tələbatını tam təmin edir. Bütövlükdə ötən il qeyd olunan ölkələrə xurma ixracı 180 min tonu keçməyib.
Assosiasiya sədri əlavə edib ki, Azərbaycanda xurma əsasən Göyçay, Balakən, Ağcabədi və Gəncədə yetişdirilir:
"Məhz bu regionlarda yarıqurudulmuş və qurudulmuş xurma istehsalı üzrə yeni müəssisələr yaradılıb, həmçinin dondurulmuş xurma istehsalı da təşkil olunmaqdadır.