Bakıda məhkəmə qərarını icra etməyən şəxs saxlanılıb. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, Ceyhun Elçin oğlu Mehrəliyev Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə axtarışda olub. 

O, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində tutulub. 

Qeyd edək ki, C.Mehrəliyev Nazilə Şirinova adlı qadınla qeyri-rəsmi nikahda yaşayıb. Onların bu nikahdan bir övladları dünyaya gəlib. Sonradan C.Mehrəliyevlə N.Şirinova arasında münaqişə yaranıb. Qadın "Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

C.Mehrəliyev qeyri-rəsmi həyat yoldaşını bıçaqlayıb. Ona görə də barəsində Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdı.